tülkü-və-canavar

“Tülkü və Canavar” nağılı

Tülkü kirpidən ayrıldıqdan sonra xeyli vaxt gəzib yemək axtardı. Amma heç bir şey tapa bilmədi.

Nə etsin, yenə hiyləgərlik etməyə qərar verdi. Elə bu vaxt gördü ki, bir adam dəniz tərəfdən xizək ilə balıq gətirir.

Tez hiyləgərcə ağzını köpükləndirdi və yolun ortasında uzanıb özünü ölülüyə vurdu.

Balıq gətirən adam onu görəndə atını saxladı və: «Yaxşı kürk olar» – deyib tülkünü aldı və xizəyin arxasına qoydu.

Sonra da atını sürüb getdi. Tülkü yol boyunca yavaş- yavaş balıqları xizəkdən yerə tökdü, sonra özü də xizəkdən düşüb qaçdı və tökdüyü balıqları yığıb yeməyə başladı.

Elə bu vaxt oradan keçən bir canavar tülkünün balıq yediyini görüb onun yanına gəldi və dedi:

− Dostum, bir dənə də balıq mənə verərsən?

Tülkü canavara bir dənə balıq verdi. Canavar balığı yedi. Balıq çox ləzzətli idi. Tülküdən birini də istədi.

Tülkü dedi: − Get özün tut ye.

Canavar balığın necə tutulduğunu soruşdu.

Tülkü dedi:

− Çaya get, buzu deşib quyruğunu suya sal. Balıqlar quyruğuna yapışacaq, onda sən də quyruğunu çəkib balıqları tutub yeyərsən.

Canavar tülküyə təşəkkür etdi və ikisi birlikdə çaya getdilər. Canavar buzu deşib quyruğunu suya saldı.

Bir müddət keçən- dən sonra tülkü soruşdu:

− Necədi, hələ bir şey yoxdu?

Canavar cavab verdi:

− Xeyr, hələ bir şey hiss etmirəm.

Bir az keçdikdən sonra tülkü yenə: «Bir şey varmı?» – deyə soruşdu.

Bu dəfə canavar sevinərək dedi:

− Bir şey qımıldayır, deyəsən, balıqlar yığışırlar.

Tülkü dedi:

− Quyruğunu daha dərinə sal.

Canavar da quyruğunu daha dərinə saldı. Bir az gözlədikdən sonra canavar dedi: − Hə, tülkü ağa, balıqlar yaxşıca yığılmağa başladılar. Deyəsən, artıq vaxtdı.

Hiyləgər tülkü vəziyyəti başa düşdü və həyəcanla canavara dedi:

− Aman Allahım, canavar ağa, arxasında köpəklərlə bir ovçu gəlir. Tez ol qaçıb canımızı qurtaraq.

Bu sözləri deyib qaçdı və dağların arasında gözdən itdi. İndi tülkünü axtar ki, tapasan.

Ölümdən qorxan canavar qaçmaq üçün çox səy göstərdi, amma quyruğu suda buz bağladığı üçün qaça bilmədi.

Elə bu vaxt onun qulağına köpək səsləri gəldi. Ölümdən xilas olmaq istəyən canavar can qorxusuyla var gücü ilə dartıldı və quyruğu qopdu.

Ağrı içində qıvrılan canavar tülküyə çox qəzəbləndi və dedi:

− Off, yaramaz tülkü, hiyləgər tülkü, mənə bunu da etdin? Dayan sən, mən necə olsa da səni tutacam.

Canavar tülkünün arxasına düşdü. Əgər tapsa, tutub yeməyə qərar verdi.

Bir neçə gün sonra dağların arasındakı gölün sahilində tülkü ilə qarşılaşdı.

O, tülkünü görən kimi: «Mənə bunu da etdin?» – deyib onun boğazına yapışdı.

Tülkü dedi:

− Aaa, mənim nə günahım var? Sənin quyruğunun o qədər balığı çəkə bilməyəcəyini mən haradan biləydim?
– Sən də nəfsinə o qədər düşkün olmasaydın.

Canavar dedi:

− Xeyr, sən məni aldatdın. Mən səni yeyəcəyəm.

Tülkü qorxdu. Nə etməli, bir hiyləgərlik edib xilas olmaq lazımdır. Fikirləşməyə başladı.

Hiyləgərlikdə usta olan tülkünün çox fikirləşməsinə heç ehtiyac da yox idi…

Tülkü dedi:

− Bax, o ağanın həyətində kök bir qoç yatır. Get onu ye, heç olmasa qarnın doyar.

Əslində həyətdə yatan qoç deyil, böyük bir köpək idi.

O, canavarı görən kimi üstünə tullandı və elə oradaca onu boğub öldürdü.

Beləliklə, tülkü canavardan da xilas oldu.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

error: Content is protected !!