“Kirpi və Tülku” nağılı

Biri vardı, biri yoxdu. Bir dənə ağıllı kirpi ilə hiyləgər bir tülkü var idi.

Kirpi ilə tülkü bir-birilərilə dost idilər və uzun illərdi birlikdə yaşayırdılar.

Onlar hər gün Kösə Akayın hininə girib, onun bir toyuğunu oğurlayıb qarınlarını doyururdular.

Günlərin bir günü Kösə Akay onlara tələ qurdu. Hinin qarşısına dərin bir çuxur qazıdı.

Çuxur görünməsin deyə üstünü də çör- çöplə örtdü.

Gecənin yarısı tülkü ilə kirpi yenə toyuq oğurlamaq üçün gəldilər. Gizlicə qapıya yaxınlaşmaq istəyərkən ikisi də çuxura düşdü.

Tülkü ilə kirpi Kösənin bu hiyləgərliyinə məətəl qaldılar.

Çuxurdan çıxmağa imkan yoxdu. Artıq nə etmək olar, çox fikirləşdilər, amma fikirləşməyin də faydası yox idi.

Çünki çuxur çox dərin idi.

Kirpi dedi:

− Belə olmaz, dostum, sən məni ağzına al, qaldır çuxurdan yuxarıya at. Mən yuxarıya çıxdıqdan sonra iplə səni çəkib çıxararam.

Tülkü razılaşdı və kirpini ağzına alıb var gücü ilə yuxarıya atdı.

Kirpi çuxurdan çıxdıqdan sonra tülküyə: «Sağ ol, dostum, salamat qal» – deyib, çıxıb getdi.

Tülkü məətəl qaldı, kirpinin nə üçün belə etdiyini başa düşmədi. Artıq səhər də açılırdı.

Tülkü çuxurdan çıxa bilmədi. Bir az sonra Kösə Akay gəlib onu görəcəkdi.

Tülkü bir az fikirləşdikdən sonra: «Dayan hələ! Bəlkə, bu Kösəni aldadım» – deyib, ağzını əydi, özünü ölülüyə vurdu və arxası üstə yatdı.

Bir az sonra Kösə Akay gəldi. Baxdı ki, çuxurda ölü bir tülkü var.

Kösə Akay sevinərək: «Hə, tələyə düşdünmü hiyləgər, gəbərdinmi, donuz?

Neçə vaxdır mənim toyuqlarımı yeyən sənsən, demək, indi mən də sənin xəzindən paltoma yaxalıq vuraram!» – deyib tülkünün quyruğundan tutub, onu çuxurdan çıxartdı və atdı.

Tülkü çuxurdan çıxan kimi sıçrayıb qalxdı: «Sağ ol, Kösə ağa, paltona yaxalığı bir də çuxura düşdüyüm zaman vurarsan» – deyib dağa tərəf qaçaraq gözdən itdi. Kösə Akay tülkünün arxasınca baxa-baxa qaldı.

Bu bəladan xilas olduqdan sonra tülkü dağlarda uzun müddət gəzib dolandı.

Bir gün səhər dağın ətəyindən keçərkən köhnə dostu kirpi ilə qarşılaşdı.

Tülkü xoruzlanaraq ona dedi:

− Belə dostluqmu olar? Sənin dostluğun bu idi?

Kirpi cavab verdi:

− Çox qəribəsən, dostum, nə oldu? Orada sənə necə kömək edə bilərdim ki?

Tülkü çox qəzəbləndi və dedi:

− Sənin kimi dostum olmaqdansa, olmasa yaxşıdı.

Kirpi dedi:

− Sən olmasaydın, mən o çuxura heç düşməzdim.

İkisi də ayrılıb hərə bir tərəfə getdi.