Sağsağan, Tülkü və Çəyirtkə

Biri vardı, biri yoxdu, ölkələrin birində ətrafı dik yamaclı uca dağlarla əhatə olunmuş, dümağ sahili olan bir süd gölü vardı.

Bu gölün sahilində böyük bir ağac var idi. Ağacın başında beli ağ bir sağsağan yuva qurmuşdu.

Sağsağan yuvada yeddi dənə yumurta yu- murtlamış və yeddi bala çıxarmışdı.

Sağsağan ata sağsağanla birlikdə balalarını çox yaxşı bəsləyirdi.

Soyuq gecələrdə üşüməsinlər deyə balalarını qanadlarının altına alırdı.

Balalar analarının gətirdiyi yemdən, sudan doyunca yeyib-içirdilər.

Yeddi bala gündən-günə böyüyürdü. Artıq onlar yuva- ya sığmırdılar.

Bunu görən ana və ata sağsağan çox sevinir və deyirdi:

− Bir müddət sonra balalarımızın qanad- ları güclənəcək, onlar günəşin və ayın altında sevinclə uçub oynayacaqlar.

Günlərin bir günü bu süd gölünün sahi- linə hiyləgər bir tülkü gəldi. Tülkü böyük ağacın altından keçəndə balaların ciyiltisini eşitdi.

Tamahkar tülkü qulaqlarını şəkləyib ağacın başına doğru baxdı. Gözləri xain-xain parladı.

Çünki tülkü budaqların arasındakı yuvanı görmüşdü.

Tülkü sağsağanın balalarından birini yeyə bilmək üçün ağacın ətrafında altı dəfə fırlandı.

Ağaca dırmaşmaq istədi, ancaq ağac çox hündür idi.

Ağacın ətrafındakı otlaqda bir az gəzdi və fikirləşdi ki, necə etsin ki, sağsağanın balalarını tutub yesin?

Sonra ağlına bir fikir gəldi. Gözlərini bərəltdi, azı dişlərini qıcadı.

Gəlib soyuqqanlı bir şəkildə sağsağana baxdı və belə dedi:

− Axmaq sağsağan, balalarından birini aşağı at!

– Əgər atmasan, ağ otlağına od vuraram, süd gölünü qurudana qədər içərəm, ağacını yıxıb balaca balalarının hamısını yeyərəm!

Vəziyyəti belə görən ana və ata sağsağan qanadlarını çırpıb ağlamağa başladılar.

Sağsağanlar tamahkar tülküdən qorxub balalarından birini ağacın dibinə atdılar.

Tamahkar tülkü bala yerə düşməmiş göydəcə onu tutub ağacların arasında gözdən itdi.

Ana sağsağan dedi:

− Tülkü səhər yenə gəlib balalarımızdan birini də istəsə, nə edəcəyik?

– Bunun axırı necə olacaq? Buna bir əlac tapmalıyıq.

İki sağsağan da oturub ağladı, onların göz yaşları ağacın yarpaqlarından süzülüb yerə damladı.

Birdən sağsağanlar daşların arasındakı otların xışıldadığını eşitdilər.

Elə fikirləşdilər ki, gələn tülküdür və zarıyıb ağlamağa başladılar.

Elə bu vaxt daşların arasından çəp gözlü bir çəyirtkə çıxdı.

Sağsağanların iniltilərini eşidib onlara yazığı gəldi və dedi:

− Yeddi bala bəsləyən gözəl sağsağanlar! Nə oldu? Niyə ağlayırsınız?

Göz yaşları sel kimi axan sağsağanlar səmimi bir səslə ağlaya-ağlaya dedilər:

− Ah, çəyirtkə qardaş! Tamahkar tülkü gözəl yuvamızı tapdı, balalarımızı gördü. «Əgər balalarınızdan birini mənə verməsəniz, ağ otlağınıza od vurararm, süd gölünüzü qurudana qədər içərəm, ağacınızı yıxıb balalarınızın hamısını yeyərəm» – deyib bizi qorxutdu və balamızın birini aldı.

– Yenə gəlib birini də istəsə, biz nə edəcəyik? Və beləcə bir-bir balalarımızın hamısını aparsa, biz bu əzaba necə dözərik?

Boz çəyirtkə bu sözləri eşidincə başını yellətdi, kədərli-kədərli oxudu və sağsağanlara baxıb dedi:

− Ey sağsağanlar, dünyanın ən yalançı, ən tamahkar heyvanı olan tülkünün sözünə necə inandınız?

– Min bir əziyyətlə böyütdüyünüz balanızı ona necə verdiniz?

Tülkü yenə gəlib, «ağ otlağınıza od vuraram» desə, «vur» deyin, «süd gölünüzü qurudana qədər içərəm» desə, «iç» deyin, «ağacınızı yıxaram» desə, «yıx» deyin.

Çəyirtkə bunları deyib boz daşların arasında gözdən itdi.

Səhər oldu, günəş uca dağların arxasından çıxdı, süd gölünün dumanı çəkildi və tamahkar tülkü azı dişlərini qıcayaraq yenə sağsağanların ağacının altına gəldi.

Yenə əvvəl olduğu kimi sağsağanları qorxutdu. Ağ belli sağsağan balalarını qanadlarının altına aldı və dedi:

− Ağ otlağıma od vurursan, vur! Süd gölümü qurudana qədər içirsən, iç! Ağacımı yıxırsan, yıx! Başqa bir balamı artıq sənə vermərəm, qoymaram onu yeyəsən.

Tülkü sağsağanın balasını ala bilməyəcəyini başa düşdü. Qanlı gözlərini bərəltdi və qəzəblə otlağa girdi.

Bu qəzəblə meşəni altı dəfə dolandı, amma od tapa bilmədi. Süd gölünə gəlib suyunu içməyə başladı.

Qarnı şişdi, amma gölün suyu qurtarmadı. Gölün suyunu içib qurtara bilməyəcəyni başa düşdü və əlacsız bir şəkildə yenə böyük ağacın altına gəldi.

Başını yuxarı qaldırıb sağsağana dedi:

− Ey axmaq və ağılsız sağsağan, bu ağılı sənə kim verdi?

Artıq tülkünün onlara heç bir şey edə bilməyəcəyini görən sağsağan çox sevindi.

Amma dilini də saxlaya bilmədi və dedi:

− Bizə bu ağılı qara daşların arasında gəzən boz çəyirtkə verdi.

Bunu eşidən tülkü dişlərini şaqqıldatdı, quyruğunu qaldırdı və qəzəblə dedi:

− Boşboğaz çəyirtkə, çoxbilmiş, dili uzun, gözü çəp çəyirtkə əlimdən qaça bilməyəcəksən.

– Dilinə sahib çıxmayan alçaq, səni tutub cəzanı verəcəyəm!

Tülkü çəyirtkənin izinə düşdü və daşların arasında onu axtarmağa başladı.

Sonra tamahkar tülkü islanmış tüklərini qurudub, dişlərinin sızıltısı keçənə qədər bir az dincəldi.

Dincəldikdən sonra qalxıb sıldırım bir qayanın qarşısına gəldi.

Uzun otları əymədən, quru yarpaqları xışıldatmadan, balaca daşları qımıldatmadan, qara daşları aralayıb çəyirtkənin izini axtardı və nəhayət, çəyirtkənin yuvasını tapdı.

Çəyirtkə tülkünü görən kimi vızıldayaraq uçub yuvasına girdi. Tülkü deyinə-deyinə orada oturub çəyirtkənin yuvasından çıxmağını gözlədi və dedi:

− Yuvanı tapdım, indi görək nə edəcəksən?

Tam altı gün gözlədi. Çəyirtkə yuvasından çıxmadı. Ümidsiz bir şəkildə gözləyən tülkü acdı.

Qalxıb getməyi fikirləşdi. Təbii ki, çəyirtkə də ac idi.

Çəyirtkə «Artıq tülkü gedib» – deyə fikirləşdi və başını yuvasından çıxartdı.

Amma tülkünün getmədiyini görüncə qorxub yenə yuvasına girdi. Ancaq səbri qalmamışdı.

Yenə bir gözüylə gizlicə baxdı. Bunu görən tülkü gözlərini qıydı və ağzını açıb özünü mehriban göstərmək istədi.

Quyruğunu ayaqlarının arasına qısıb uzandı və yumşaq bir səslə çəyirtkəni çağırıb dedi:

− Çəyirtkə, sən nə çox yatırsan? Səni gözləməkdən yuxum gəldi.

Sonra quyruğunun üstünə uzanıb ilan kimi qıvrıldı və çəyirtkənin gözünə baxaraq dedi:

− Sənin gözün necə də gözəlmiş. Qap-qara, yaban gilası kimi! Amma, deyəsən, başın keçəldir?

Çəyirtkə başını yuvasından çıxarıb tülküyə göstərərək dedi:

− Mənim başım keçəl deyil!

Tülkü dedi:

− Onda, demək ki, heyvanlar mənə yalan deyib. Eşitdim ki, sənin belin də qırıqmış, doğrudu?

Çəyirtkə qəzəblə tüklərini qabardıb yuvasından çıxdı və belini tülküyə göstərib dedi:

− Mənim belim qırıq deyil!

Tülkü əsnədi və quyruğunu ayaqlarının arasına qısıb dedi:

− Hımm, demək, yenə mənə yalan de- yiblər. Bir də deyirlər ki, sənin bir ayağın topalmış, yeriyə bilmirmişsən.

Çəyirtkə dəvə kimi böyürdü, ayağını durna kimi uzadaraq hoppanıb tülküyə göstərdi və dedi:

− Mənim ayağım topal deyil!

Tülkü dedi:

− Lap yaxşı, onda bir-iki addım at baxım, mən onda sənə inanaram.

Çəyirtkə yuvasından çıxdı, elə bir-iki addım atmışdı ki, tülkü onu tutdu.

Onu azı dişlərinin arasına aldı və quyruğunu qısıb ağacların içinə qaçdı.

Çəyirtkə tülkünün ağzından necə xilas ola biləcəyini fikirləşərək tülküyə dedi:

−Tülkü qardaş, sən bu çöllərin qızılı rəngli tülküsüsən, yoxsa bu meşənin tamahkar tülküsü?

Tülkü cavab vermədi. Çəyirtkə isə öz-özünə deyirdi:

− Çöllərin tülküsü olsa, çəyirtkəni ağzında qabağa-dala fırladaraq yeyərdi.

Meşənin tamahkar tülküsü olsa, çəyirtkəni tutan kimi yeyərdi.

Tülkü fikirləşdi və çöllərin qızılı rəngli tülküsü olmağı seçdi.

Çəyirtkəni ağzında dala-qabağa fırlatmağa başladı. Elə bu vaxt çəyirtkə bir fürsət tapdı, tülkünün ağzından vızıldayaraq uçub bir daşın üstünə qondu, sonra da gizləndi.

Tülkü onu yenidən tutmaq istədi, amma bacara bilmədi. Qəzəblə dişlərini şaqqıldatdı.

Tülkü bir daşın üstünə oturub çəyirtkənin çıxmağını gözlədi. Tülkü tam doqquz gün orda oturub gözlədi.

Qızılı rəngli qabarıq tükləri düzləşdi. Gözləməkdən yoruldu, yavaşca qalxıb səndələyə-səndələyə meşəyə girdi və öz-özünə qəzəblənib dedi:

− Kaş onu tutan kimi yeyərdim.

Beləcə dik yamaclı uca dağlarla əhatə olunmuş, dümağ sahili olan, yuvarlaq süd gölünün sahilindəki ulu ağacın başında yuvası olan sağsağan ilə sıldırım qayanın altında, quru otlarla döşənmiş isti yuvasında yaşayan çəp gözlü çəyirtkə tülküyə qalib gəldilər.

Sağsağanla çəyirtkə bu hadisə nəticəsində yaxşını da, pisi də gördülər və dost oldular.

O gündən sonra bir-birini qorudular və xoşbəxt yaşadılar.

3 şərhlər

  1. Super

  2. UZUNDUR QISA YAZIN

  3. Uşağım üçün axşamlar oxuyuram, təşəkkür edirəm yerləşdirdiyiniz üçün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir