Biri var idi, biri yox idi. Bir pişik və bir siçan var idi.
Pişik bu siçanı güdür. Pişik baxır ki, siçan oturur.
Siçan baxır ki, pişik güdür. Pişik güdür ki, siçan çıxsın.
Siçan gözləyir ki, pişik getsin.
Bu, onu güdür, o, bunu gözləyir.
Pişik təngə gəlir və deyir:
– Ay siçan qardaş, ordan çıx boyunu görüm.
Siçan deyir:
– Mən öz boyumu görə bilmirəm, sən hardan görəcəksən, məndən kiçik canlı yoxdur.
– Çıx bir ayaqlarını görüm.
– Mənim ayaqlarımı mən görə bilmirəm, sən hardan görəcəksən?
Pişik deyir:
– Nə işə düşdük, ay siçan, bu dəlikdən çıx, o biri dəliyə gir, sənə bir qızıl verərəm.
Siçan deyir:
– Siçan qızılı nə edəcək, o qızılı apar zərgərlərə ver.
Pişik baxır ki, bu yolla da tuta bilməyəcək, siçanlar padşahına məktub yazır.
Yazırki, padşah sağ olsun, mən ziyarətə gedəcəm, biz pişik xalqı siçan xalqına çox ziyan vurmuşuq, gəlin halallaşaq.
Padşah məktubu oxuyur, vəzirlərinə əmr edir ki, bütün siçan xalqını yığın, onlara müraciətim var.
Vəzirlər bütün siçan xalqını yığırlar.
Siçanlar padşahı deyir:
– Ey siçan xalqı, bizim pişik qardaş ziyarətə gedəcək, o, məktub yazıb ki, halallaşaq, yoxsa ziyarəti qəbul olmaz.
Siçanların padşahı siçanlara əmr edir ki, gedin pişiklə halallaşın.
Pişik iki dəlik arasında oturur, yanına da iki qazan qoyur.
Bu pişik sağ dəlikdən gələn siçanları sağ tərəfindəki qazana qoyur, sol dəlikdən gələn siçanları sol tərəfindəki qazana qoyur və qazanın qapağını örtür.
Bu pişiklə qarşılaşan siçan baxır ki, siçan xalqının kökü kəsiləcək, siçan deyir:
– Ey siçan xalqı, ey siçanlar padşahı, niyyəti belə olan pişikə halallıq düşürmi?