Şirniyyat atan silahlar

Şirniyyat atan silahlar

Müəllif Aygün BÜNYADZADƏ

Uzun müddət davam edən müharibə insanları, heyvanları, otları, ağacları, çiçəkləri, hətta silahların özlərini də bezdirmişdi.

Günlərin bir günü, silahlar bir yerə toplaşıb, qərara aldılar:
– Biz bir daha, heç kəsi öldürməyəcəyik!
– Bəs, insanlar bizə əmr etsələr, onda necə? Axı, onlara sözsüz itaət etməliyik?! – bapbalaca bir tapança utana-utana xəbər aldı.
– Tapança düz deyir! – Yekə bir mina ağır-ağır dilləndi, – Biz minaların işi lap çətindir, insan övladı əmr edən kimi mütləq partlayıb, onlarla adamı birdən öldürməliyik.
Silahlar fikrə getdilər. Nəhayət, yekun qərar qəbul edildi.

Səhəri gün isə… Bütün dünyada görünməmiş qeyri-adi bir hadisə baş verdi.
Səhər açılan kimi döyüş meydanında hamı təəccübdən donub qaldı. Bilirsiniz niyə? Çünki bu gün çox qəribə işlər baş verirdi: tapançalardan düşmən tərəfə güllə əvəzinə müxtəlif rəngli konfetlər, avtomat silahlardan cürbəcür karamellər, qara və ağ rəngli şokoladlar, tanklardan, toplardan və qırıcı təyyarələrdən isə müxtəlif böyüklükdə pirojna və tortlar atılırdı. Minalar partladıqda isə əsil möcüzə baş verirdi. Minanın gücündən və növündən asılı olaraq, həmin yerdən yuxarıya paraşütlə bir neçə mərtəbəli dondurma-tortlar uçur, sonra yavaş-yavaş yerə enirdilər.

Həmin gün bütün dünyada müharibələr dayandı. Şirniyyatlar elə iştahaçan, qarşı tərəflərin isə həm döyüşən əsgərləri, həm də dinc əhalisi elə ac idilər ki, özlərini saxlaya bilməyib, yeməyə girişdilər. Onlara baxıb əvvəlcə komandir və generallar, daha sonra isə dövlət başçıları da silahların atdığı şirniyyatı yeməyə başladılar. Müharibə xeyli vaxt dayandı. Həmin müddətdə isə döyüşən tərəflər belə qərara gəldilər ki, müharibə etməkdənsə, barışıb bir-birinə qonaq getmək və ləzzətli şirniyyatlar yemək daha sərfəlidir. Beləcə, tərəflər ömürlük barışdılar.

Nədir, deyirsiniz ki, bu əhvalatı yalandan uydurmuşam? Onda, dünyada ən qədim dillərdən biri olan silah dilini öyrənib, özünüz onlardan xəbər alın, sizi inandırıram ki, canlı-cansız hər hansı bir məxluqu məhv edən və gördüyü işdən həzz alan bircə silah belə tapa bilməzsiniz. Bütün hər şey yalnız insanlardan asılıdır…


Qısa şərh və nağılın mesajı

Yuxarıdakı orijinal nağıl metaforik dildə müharibənin mənəvi yorğunluğunu və insan seçimlərinin əhəmiyyətini göstərir. Silahların qəfil qərarı — öldürməmək və əvəzinə şirniyyat atmaq — insanlara münaqişənin absurdluğunu və barışın mümkünlüyünü xatırladır. Hekayə vurğulayır ki, hərbi texnika və zorakılıq yalnız insanların nəzarətindədir; dəyişiklik və sülh insanın öz seçimindən başlayır.

Söz izahları

  • Mina — Yerə gizlədilmiş partlayıcı qurğu; qarşı tərəfə zərər vermək üçün istifadə olunur.
  • Pirojna — Şirniyyat növü; tort və ya kekslərə oxşar dadlı desert.

Tez-tez verilən suallar

Bu nağıl real hadisəyə əsaslanırmı?

Nağıl allegorik xarakter daşıyır — real hadisə kimi deyil; məqsəd oxucuda müharibənin mənəvi nəticələrini düşünməyə sövq etməkdir.

Hekayənin əsas idéyası nədir?

Hekayə göstərir ki, zorakılıq və müharibə insana zərər verir; dönməyin, barışın və insanlıq dəyərlərinin seçilməsi mümkündür. Kiçik bir qərar (burada: silahların qərarı) böyük dəyişikliklərə yol aça bilər.




müharibə şirniyyat Kirpi Nuk-un digər macəralarını buradan oxu.