Tülkü və İlan

«Tülkü və İlan» nağılı

Biri var idi, biri yox idi, bir ilan, bir də tülkü var idi. Onlar qonşu idilər.
Amma bir-birinin evinə gedib-gəlmirdilər. Bir gün tülkü ovdan qayıdanda gördü ki, ilan bir qurbağa tutub.
Keflə yeyir. Tülkü qaçıb cəld yuvasına girdi.
Bunu görən ilan tülkünü səslədi:
— Qonşu, bayıra çıx, sənə sözüm var.

Tülkü əvvəl istədi çıxmasın, sonra fikirləşdi ki, qonşuluqda yaxşı düşməz.
Ona görə də qapının ağzından başını çıxardıb dedi:
— İlan lələ, eşidirəm səni.

İlan dedi:
— Yaxın gəl. Sənə sözüm var.

Tülkü dedi:
— Yox lələ. Sözünü elə oradanca de.

İlan dedi:
— Qorxma, yaxına gəl.

Tülkü dedi:
— Üz vurma, gələ bilmərəm.

İlan dedi:
— Qonşuluqda bir-birimizdən aralı gəzməyimiz yaxşı düşmür. Gəl əhd-peyman eləyək ki, bir-birimizə dəyməyək.

Tülkü razı oldu. Bir müddət belə keçdi. Bir gün səfərə gedəsi oldular. Üç gün, üç gecə yol getdilər.
Qabaqlarına böyük bir çay çıxdı. Tülkü üzmək bilirdi, amma ilan yox.

İlan yalvardı:
— Tülkü qardaş, mən üzmək bilmirəm, qoy boğazına dolanım, çaydan keçim.

Tülkü razı oldu:
— Nə deyirəm ki, dolan.

İlan tülkünün boğazına dolandı. Çayı o taya keçdilər və tülkü dedi:
— Di boynumdan açıl.

İlan gülüb söylədi:
— Hara açılıram? Mən elə bundan ötrü səninlə yoldaş olmuşdum. Acmışam, qanını içəcəyəm.

Tülkü yalvarıb dedi:
— Bəs əhdi-peyman?

İlan dedi:
— Əhdi-peyman nədir? Bu saat səni elə çalacağam ki.

Tülkü gördü ilan namərdlik eləyir, kələyə əl atdı.
— İlan lələ, — dedi, — onsuz da mən dünyadan bezmişəm, ölmək istəyirəm. Sənə elə deyəcəkdim ki, bir yaxşılıq elə, öldür məni, dünyanın qayğısından qurtarım. Amma səninlə yoldaşlıq eləmişəm, qoy son nəfəsimdə üzündən öpüm.

İlan tülkünün şirin dilinə inandı. Başını ona tərəf uzatdı. Tülkü o saat ilanın boğazından yapışdı.
İlan yalvara-yalvara dedi:
— Ay tülkü lələ, bu dəfə günahımdan keç, ölüncə qulluğunda duraram.

Tülkü etiraz edib dedi:
— Heç yalvarma. Yoldaşına xain olanın qanı halaldır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.