Qağayı Həsrəti

Bu səhər həmişəkindən daha gümrah idim. Sanki həyatımın ən gözəl günü idi.

Hər səhər pəncərəyə yaxınlaşanda Xəzərin mavi dalğalarından və qağayıların seyrindən pozitiv enerji alırdım.

Nədənsə bu gün dəniz çox sakit idi. ətrafda qağayıların səsindən başqa heç nə eşidilmirdi.

Bu qağayıların içində mənə doğma olan biri var idi ki, onun mənim həyatımda xüsusi yeri var idi.

Hər səhər dimdiyi ilə pəncərəmi döyərək məni yuxudan oyadar və mən də pəncərəni açaraq onu yemləyərdim.

Ancaq xeyli seyr etsəm də, həmişə özümə doğma sandığım bu qağayını görə bilmədim.

Mənim qağayım digərlərindən olduqca seçilirdi.

Onun qanadlarının kənarı mavi tüklərlə haşiyələnmişdi. Onu görə bilməməyim xoş ovqatımı korladı.

Səhər yeməyini bitirər-bitirməz sahilə endim. Suyun üzərində süzən bütün qağayılara göz gəzdirdim.

Lakin “dostum”u görə bilmədim. Bir neçə gün seyr etsəm də artıq onun heç gəlməyəcəyini anlamışdım.

İçimdəki son ümid qığılcımları da sönmək üzrə idi. Amma ümidimi itirməmişdim. Sanki bütün günü xəyallarım onunla idi.

Aradan bir neçə gün keçdikdən sonra bu xəyallarla yenə də sahilə endim. Bir qədər sahildə gəzdikdən sonra tam ümidsizləşərək boş oturacaq tapıb əyləşdim.

Qağayıların və dənizin səsinə qərq olmuşdum…

Birdən çiynimə toxunan bir əl məni xəyallarımdan oyatdı. Bu şəxsi heç tanımırdım.

Əlli-altmış yaşlarında, saç-saqqalına dən düşmüş, keçirdiyi həyat üz cizgilərində əks olunan nurani bir şəxs idi.

Sanki onun üzündə həyatın keşməkeşli yolları öz şırımlarını açmış, belini bükmüşdü.

Əvvəlcə nə lazım olduğunu soruşdum. O, əyləşmək istədiyini bildirdi. Mən başımı razılıq əlaməti olaraq yüngülcə tərpətdim.

O gəlib əyləşdi. Araya dərin bir sükut çökdü. Gözümü isə uçuşan qağayılardan çəkə bilmirdim.

Daxilimdəki suallar susmurdu.

-Bu kimdir?

-Nəyə görə yanımda əyləşdi?

Elə bu vaxt mənə dedi: Qızım, – bayaqdan sənə fikir verirəm. Sanki həyatında canını sıxan nəsə var dedi.

Biraz keçdikdən sonra cavab verdim.

-Bəli, var, ancaq mən Sizi tanıya bilmədim. Nəyə görə bununla maraqlanırsınız? – deyə sual verdim.

O isə cavabında mənim dərdimə şərik olmaq istədiyini bildirdi. Mən də kefimi pozan bu əhvalatı ona danışdım.

Və bildirdim ki, bir vaxtlar həyatımda var olan qağayı indi xəyalımdadır. Bəlkə də bu sizə adi bir şey kimi görünər, ancaq, bu mənim ən gözəl xəyalım idi…

Həmsöhbət olduğum insan adının Cavid olduğunu söylədi, mənim də adımı soruşdu və söhbətinə davam etdi.

-Sənəm-qızım, həyat möcüzələrlə doludur elə deyilmi? Məsələn, bizim qarşılaşmağımız və ikimizin də həyatda eyni hadisəyə üzülməyimiz…

Onun bu sözlərini ilk baxışda anlaya bilmədim. O bunu başa düşərək yaşadığı hadisəni mənə danışmağa başladı və dedi:

-İndi mənə diqqətlə qulaq as!

Gənc yaşlarımda mən də qağayıları çox sevərdim. Əslində indi də onların vurğunuyam. Amma heç nə mənim həyatımdan önəmli deyil.

Mənim də çox sevdiyim bir qağayım var idi. Hər səhər onun üçün yuxudan vaxtından əvvəl durar, suyun üzərinə kiçik çörək parçaları atardım.

Ancaq fərqimiz ondadır ki, o məni tərk etmədi. Mən onu işimlə bağlı tərk etmək məcburiyyətində qaldım.

Həyatımın daha önəmli olduğunu fikirləşərək bu qərarı verdim və xaricə getdim. Getməyimə baxmayaraq həmişə xəyallarım onunla idi…

Aradan uzun illər keçməsinə baxmayaraq, bura qayıdandan sonra da hər səhər bura gələr, xəyallara dalar, sanki keçmiş günlərə geri qayıdar, o xəyallarla yaşayıram.

Artıq illər ötüb, bilirəm ki, mənim sevimli qağayım daha yoxdur…

Lakin xəyallarım o gündən sonra məni aldadır…

Həyatda nəyəsə üzülə bilərsən, amma, zamanla alışarsan. Bax eynən mənim kimi… Həyatda elə istəklər var ki,onları yalnız xəyallarda istədiyin kimi yaşaya bilərsən.

Biz zaman keçdikcə düşüncələrimizə daha çox inanmağa başlayırıq və onlar da davranışlarımıza çevrilir.

Qızım, axı uğura gedən yol uğursuzluqlarla sığortalanmayıb. Bunu heç zaman unutma ki, əbədi yaşayacaq bir şey varsa, o da bu həyatda qoyduğun izlərdir.

Zahir fanidir bir gün yox olacaq.

Həyatda hər şeydən müsbət nəticələr çıxarmağa, hər hadisəyə yaxşı tərəfindən baxmağa çalış.

Bilmək gözəldir, lakin, bildiyini nümunə olacaq şəkildə yaşamaq isə daha gözəldir qızım!

Ola bilər ki sən qağayıda xoşbəxtlik tapa bilərsən. Ancaq həyatın bütün xoşbəxtlikləri onda deyil.

Necə deyərlər, həyatda çox şeyi xəyal edə bilərsən, amma, xəyallarının az bir hissəsini həyata keçirə bilərsən dedi və sağollaşaraq durub getdi.

Onun bu dedikləri sanki həyatımın başlanğıcı oldu.

…Və o gündən sonra anladim ki, gerçək həyatda xəyallar və gerçəklər harmoniya yaradır…

Müəllifi:
Oğuz şəhəri
H.Babayev adına 1 nömrəli
tam orta məktəbin VIII-a sinif şagirdi
Oruczadə Arzu Mübariz qızı.