Oqtay Zülfüqarov — Bioqrafiya
Oqtay Qədir oğlu Zülfüqarov (1929 — 31 avqust 2016)
Erkən illər və təhsil
Oqtay Qədir oğlu Zülfüqarov 1929-cu ildə hakim ailəsində dünyaya gəlib. 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violonçel sinfinə qəbul olunub və yeddi illik musiqi məktəbini cəmi iki ilə bitirib. Təhsilini A. Zeynallı adına Musiqi Məktəbində davam etdirib. Evdə pianosu olmadığından gecələr sinifdə yaradıcılıqla məşğul olur, respublikada keçirilən mahnı müsabiqələrində mükafatlar qazanırdı. Bir müddət Dövlət Konservatoriyasının violonçel sinfində oxuduqdan sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olunub.
Bəstəkar kimi formalaşması
1957-ci ildə, üçüncü kursda oxuyarkən, Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanır. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vurduqdan sonra müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar bəstələməyə başlayır.
Yaradıcılıq: operalar, simfoniyalar, teatr və kino musiqisi
Uşaqlar üçün mahnılarla yanaşı, “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını yazır. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, müxtəlif instrumental pyeslər, həmçinin teatr və kino üçün musiqi müəllifidir. Böyük simfonik orkestr üçün yazdığı “Şənlən, mənim xalqım” uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
Uşaq musiqisi və pedaqoji fəaliyyət
2010–2012-ci illərdə O. Zülfüqarov “Məlikməmməd” nağılı əsasında uşaqlar üçün iki hissəli “Sehrli alma” baletini yazır. “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birlikdə musiqi dərslikləri hazırlayır. Uzun illər Azərbaycan Dövlət Televiziyasında “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı onun rəhbərliyi altında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, şeirlər də yazıb və bu nümunələr “Oxuyur Aysel” adlı topluda işıq üzü görüb. O, həmçinin Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri olub.
Titullar və təltiflər
- 1972 — Əməkdar incəsənət xadimi
- 2000 — Xalq artisti
- 2009 — “Şöhrət” ordeni
- Prezident təqaüdçüsü
İrsi və xatirəsi
Oqtay Zülfüqarov ömrünün 60 ildən çoxunu uşaq mahnılarına və Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara böyük sevgi və həssaslıqla yanaşaraq onlara şən, yaddaqalan mahnılar bəxş edib; neçə-neçə nəsil bu mahnılarla böyüyüb. Uzun müddət televiziyada uşaqlarla hazırladığı verilişlər sevilərək izlənilib. Bəstəkar 2016-cı il avqustun 31-də, 87 yaşında vəfat edib.
Uşaqların Nağıl Aləmi Uşaqlar üçün nağıllar, hekayələr, şeirlər və təmsillər
