Məktəb şagirdi

İştə bir tərbiyəli, aqil uşaq,
İştə bir zirək, ayıq, kamil uşaq.
Geyinib məktəbinin formasını,
Götürüb qoltuğuna çantasını.

Məktəbə şövqi-tamam ilə gedir,
Keçməsin vaxtı deyə sürət edir.
Gecə-gündüz çalışır mərdanə,
İstəyir sibqət edə əqranə.

Könlünün arizuyi-yektası:
Vətənü millətinin ehyası.
A çocuq, get, sənə haq yar olsun.
Cümlə halında mədətkar olsun.

Elm təhsili əziyyətli isə,
Qışda yol getməyi zəhmətli isə,
Qorxma, qeyrətlə çalış, əlbəttə,
Biləcəksən, oxusan tez vəqtdə –

Ki, cahan içrə böyük insanlar.
Nə qədər zəhmətə düşmüş onlar.
Sinfi-ədadini təkmil eylə,
Məktəbi-alidə təhsil eylə.

Səy elə, sən də böyük insan ol,
Doğruluqda bu ada şayan ol!
Qoy cahan elm ilə pürnur olsun,
Vətən o sayədə məmur olsun.

Müəllif : Abbas Səhhət