Biri var idi, biri yox idi, balaca bir meşədə bir Dovşan var idi.
Bu Dovşan çox təmizkar idi.
Hər gün evinin ətrafını süpürüb-təmizləyir, yuyub-silirdi.
Ancaq onun təmizkarlığı Qarğanın xoşuna gəlmirdi.
Harada zibil görürdü, gətirib atırdı Dovşanın yuvasının qabağına.
Dovşan Qarğadan nə qədər xahiş edirdi ki, bu pis əməlindən əl çəksin, ancaq Qarğa onun sözlərinə məhəl qoymurdu.
Bir gün Dovşan evində oturub kələm mürəbbəsi ilə çay içirdi.
Birdən Qarğanın həyəcanlı qarıltısını eşitdi. Tez yuvasından çıxıb köməyə qaçdı.
Çatanda gördü ki, Tülkü Qarğanı ayağından asıb yun çubuğu ilə çırpır və deyir:
– Mən sənə göstərərəm, yeri zibilləməyin axırı necə olur?!
Qarğanın döyülməkdən tükləri dərisindən qopub ətrafa səpələnirdi, yalvarmaqdan səsi xırıldayır, ağzından köpük gəlirdi.
Tülkünün isə ürəyi soyumurdu.
Dovşan bir kolun dalında gizləndi. Tülkü yorulub dincəlmək üçün yuvasına girəndə tez qaçıb Qarğanı azad etdi.
Qarğa sınıq-salxaq qanadı ilə birtəhər uçub aradan çıxdı.
Qarğa yaraları sağalanda uçub Dovşanın yanına gəldi, pis əməllərinə görə üzr istədi və bir də ətrafı zibilləməyəcəyinə söz verdi.
Dovşan da onu bağışladı.
Müəllif: Vüqar Haqverdiyev
Azərbaycan Yazıçılar Birliyinin üzvü