Bulud

Biri var idi, biri yox idi, uzaq-uzaq dağlar arxasındakı diyarda bir padşah var idi.
Gözünün biri bozardığından adına kor padşah deyərdilər.

Günlərin bir günü padşah münəccimləri başına yığıb, dedi:
– Bir rəml atın, görün gözümün dərmanı nədir?

Münəccimlər rəml atıb dedilər:
– Qibleyi- aləm, sənin gözünün dərmanı Ağ dəryadakı qızıl balığın
pullarındadı. O balığı tutdurub pullarını gözlərinə sürtsən, nuru özünə qayıdar.

Padşahın balıqçısı bu xəbəri eşidib padşahın qarşısında baş əyərək dedi:
– Padşah sağ olsun, gün çırtdamamış qızıl balıq qulluğunda hazır olacaq.
Bəli, balıqçı səhəri dirigözlü açdı. Üfüqlərin sinəsi qızılgül kimi pardaqlanıb açılanda yerin damarını qırıb, pay-piyada özünü yetirdi Ağ dəryanın kənarına.

Padşahın İbrahim adlı bir oğlu var idi. O da balıqçıyla dəryanın kənarına gəlmişdi. Balıqçı tor atıb qızıl balığı tutdu, İbrahim gördü bu balıq o qədər gözəldi, o qədər gözəldi ki, iki göz lazımdı tamaşasına dursun. Balıqçıya bir ovuc qızıl verib balığı aldı, dəryaya tulladı. Balıqçı bir də tor atdı.

Tərslikdən qızıl balıq ikinci dəfə də tora düşdü. İbrahim bir ovuc qızıl verib təzədən balığı dəryaya buraxdı. Üçüncü dəfə balıq tora düşəndə balıqçı onu dəryaya buraxmaq istəmədi. İbrahim başladı balıqçını dilə tutmağa.
Gördü yox, bundan bir kar aşmayacaq, keçdi hədə-qorxuya.
– Mənim dediyimi eləməsən səni balıqla bir yerdə atacağam dəryaya…

Balıqçı əliboş, kor-peşman padşahın hüzuruna gəldi. Padşah balıqçını əliboş görüb qəzəb atına mindi, qırmızı geyinib taxta çıxdı və əmr elədi ki, balıqçının boynunu vursunlar.

İbrahim işi belə görüb qabağa çıxdı:
– Ata, qoy mənim boynumu vursunlar. Çünki balığı dəryaya mən buraxdırmışam.

Padşah heyrətindən donub qaldı:
– Necə?!! Sən buraxdırmısan? Bəs sən atanın gözlərinin sağalmasını istəmirsən?

İbrahim başını aşağı salıb susdu. Bu padşahı daha da qəzəbləndirdi:
– İndi ki, sən gözlərimin sağalmasını istəmirsən, rədd ol bu məmləkətdən. İbrahim atını minib ağzını çevirdi bər-biyabana.

Az getdi, çox getdi, çatdı bir şəhərə. Gördü şəhərin girəcəyində bir koma var, atı komaya tərəf sürüb
çağırdı:
– Ay ev yiyəsi, ay ev yiyəsi!

Səsə bir qarı çıxdı, onu içəri dəvət elədi. İbrahim çaydan-çörəkdən sonra qarıdan soruşdu:
– Qarı nənə oğuldan-uşaqdan nəyin var?

Qarı dedi:
– Bala, heç kimim yoxdur.

İbrahim dedi:
– Qarı nənə, fikir eləmə, mən sənin balan. Gəl baş-başa verib yaşayaq.
… Qarı nənə çox sevindi. İbrahim atını çıxartdı bazara, satdı, pul elədi. Ətdən, yağdan, düyüdən alıb, gətirdi evə. Qarı da bişirdi, yedilər, içdilər, yaşadılar. Bir gün İbrahim gördü ki, şəhərdə sandıq satırlar.

Sandıq satan da deyir: “Alan da peşmandır, satan da. Qiyməti yüz tümənə”
İbrahim yüz tümən verdi, sandığı aldı, gətirdi evə. Açdı gördü içində bir
oğlan var.

Oğlan dedi:
– İbrahim, necəsən?

İbrahim təəccüblə dedi:
– Məni hardan tanıyırsan?

– Tanıyıram da.

– Sənin adın nədir?

– Buluddur.

İbrahim Buluda altı şahı verdi, dedi:
– Get buna düyü al gətir!

Şəhərdə xəsisliyinə görə ad çıxarmış bir baqqal vardı. Bulud gəldi bu baqqalın dükanına və dedi:
– Ağam deyir bu altı şahıya yarım pud düyü versin.

Baqqal acıqlandı:
– Ay səfeh, altı şahıya yarım pud düyü verərlər?

Baqqal üzünü çevirən kimi Bulud düyünü kisə ilə dalına aşırıb getdi evə. İbrahim Buluda üç şahı da verdi, dedi get yağ al gətir.

Bulud gəldi başqa baqqalın yanına, dedi:
– Ağam deyir bu üç şahıya iki girvənkə yağ versin.

Baqqal acıqlandı:
– Ədə, heç o pula iki girvənkə yağ verərlər?

Bulud baqqala bir şapalaq ilişdirdi. Sonra da yağı götürdü, gəldi evə.

İbrahim Buluda bu dəfə də üç şahı verib, dedi:
– Get, buna da arpa al, gətir atın arpası yoxdur.

Bulud gəldi, arpa satana dedi:
– Ala bu üç şahını, bir pud arpa ver!

Dükançı dedi:
– Bala, üç şahıya bir pud arpa verərlərmi?

Bulud dedi:
– Niyə verməzlər?

Bulud gördü ki, kişi çox hay-küy salır, dinməzcə arpa kisəsini çiyninə atıb aradan çıxdı.

Bir gün Bulud gəldi bir dəmirçinin yanına, dedi:
– Usta, mənə bir gürz düzəlt, dörd arşın uzunluğu, dörd pud ağırlığı olsun. Usta dedi:
– Zalım oğlu zalım, onu kürəyə sığışdırmaq olar?

Bulud dedi:
– Sənə nə deyirəm, onu elə . Ala, bu da pulun!

Dəmirçi pulu görəndə dedi:
– Yaxşı hazırlaram.

Bulud gürzü aldı çiyninə, getdi evə. İbrahim gördü Bulud bir gürz gətirir ki, azı dörd pud olar.

Axşam düşəndə Bulud İbrahimi gətirdi bir imarətin qabağına dedi:
– Ağa bu imarət padşahın qızı Üççərək xanımındır. Gedərsən içəri, qızı yatmış görəcəksən, üzündən öpərsən, qayıdıb gələrsən.

İbrahim içəri girdi, gördü bir göyçək qız yatıb, onun yanağından öpüb qayıtdı.
Səhər açıldı, qız durdu, geyindi, əl-üzünü yudu, bədənnüma güzgüyə baxdı, gördü ki, üzünün bir tərəfinə ləkə düşüb. Qız heç kimə bildirmədi.

Axşam oldu. Buludla İbrahim gəldilər həmin imarətə. Bulud dedi:
– Gedərsən, indi də qızın o biri yanağından öpərsən.

Ibrahim girdi içəri, qızın o biri yanağından öpdü, çıxdı.

Səhər açıldı. Qız yenə də həmişəki qayda ilə durdu, bədənnüma güzgüyə baxdı, gördü, indi də üzünün o biri tərəfinə ləkə düşüb, öz-özünə dedi:
– Yaxşı, bu gecə görərəm bu kimdir.

Gecə yenə Buludla İbrahim gəldilər.

Bulud dedi:
– Gedərsən qızın yanına, onun nə sualı-cavabı olsa mənə deyərsən.

İbrahim girdi içəri. Qız yatmamışdı. Gördü onu öpən bir oğlandır, gözəllikdə misli-bərabəri yox.

Bir könüldən min könülə İbrahimə aşiq oldu, soruşdu:
– Ey oğlan, kimsən, nəçisən?

Oğlan dedi:
– Mən kor padşahın oğluyam. Adım da İbrahim.

Qız soruşdu:
– İbrahim, məni uzaq ellərə apara bilərsənmi?

İbrahim dedi:
– Gözlə. Bu saat gəlirəm.

İbrahim çıxdı, Buluda dedi:
– Üççərək xanım deyir, məni uzaq ellərə apara bilərsənmi?

Bulud dedi:
– Get de, apararam.

İbrahim gəldi, dedi:
– Apararam!

Qız çıxdı çölə. İki at hazırlatdı, birinə İbrahim, birinə də özü mindi.
Bulud da bunların yanında. Hər üçü düşdülər yola, hava işıqlanınca at sürdülər.

Gün çıxanda padşaha xəbər çatdı ki, bu gecə qızını qaçırıblar. Padşah hökm elədi, qoşun atlandı, İbrahimgil bir vədə gördülər ki, dallarınca qoşun gəlir.

Bulud dedi:
– İbrahim siz yavaş-yavaş gedin, mən qayıdım qoşunun qabağına görüm nə istəyirlər?

İbrahim qıza dedi:
– Gəl, gəl qaçaq!

Bunlar qaçmaqda olsun, Bulud da qoşunun qabağına getməkdə.
Bir padşah vəziri ilə ova çıxmışdı, gördü bir oğlanla qız qaçır. Padşah tez atlı göndərdi, qaçanları tutdular.

İbrahimi saldılar bir quyuya, qızı da padşah aparıb öz qızının yanında kəniz qoydu.
Qoşun yaxınlaşanda Bulud yerə bir gürz vurdu, o saat bir dərya açıldı.

Qoşun keçə bilmədi. Bulud qayıdıb gördü ki, nə qız var, nə də İbrahim. Uzaqda bir şəhər görünürdü…

Gəldi şəhərin kənarına, gördü bir dəstə uşaq aşıq-aşıq oynayır. Bir keçəl də kənarda durub baxır.

Bulud keçələ dedi:
– Keçəl, sən niyə oynamırsan?

Keçəl dedi:
– Mən çığalam, qoymurlar oynayam.

Bulud dedi:
– Onda, al bu pulu, bura bir oğlanla bir qız tutub gətiriblər, onların yerini öyrən, mənə de.

Keçəl dedi:
– Ver papağını götürüm qaçım, hansı imarətə vursam bil ki, qız o imarətdədir, harda da tullandım-düşdüm bil ki, oğlan o quyudadır.

Keçəl Buludun papağını götürdü, qaçdı. Bulud da düşdü onun dalınca. Qızın salındığı imarət padşahın imarətinə bitişik idi. Keçəl keçdi, papağı vurdu həmin imarətə, qayıtdı bir yerdə də tullandı göyə, güşdü yerə. Bulud papağı qoydu başına. Gəldi həmin yerə, gördü burada bir quyu var, ağzına da bir daş qoyublar.

Daşı qaldırıb səslədi:
– İbrahim!

İbrahim quyudan cavab verdi. Bulud kəməndi belindən açdı, salladı quyuya. İbrahimi çıxartdı. Bulud İbrahimi də götürdü, gəldi padşahın yanına. Padşah baxıb gördü bu elə bir pəhləvandır ki, şəhəri alt-üst edər.

Vəzirə üz çevirdi:
– Vəzir, tədbir!..

Vəzir dedi:
– Tədbir odur ki, qızını verəsən ona, qohum olasan.

Padşah Buluddan soruşdu:
– Adın nədir?
– Bulud.

Padşah dedi:
– Bulud, bir qızım var, onu alarsanmı?

Bulud dedi:
– Xeyr, mənə lazım deyil, Qızı ver İbrahimə.

Padşah qızının əvəzinə Üççərək xanıma kəbin kəsdirdilər. İgidlər işin üstünü vurmadılar, hazırlaşıb yola düşdülər. Bulud, İbrahim, Üççərək xanım bir xeyli gedəndən sonra gördülər, qabaqdan iki div gəlir.

Bulud dedi:
– İbrahim siz yavaş-yavaş gedin. Mən də qayıdım, görüm divlər nə istəyirlər? İbrahim qıza dedi:
– Gəl qaçaq.

Bir padşah ovdan qayıdırdı gördü bir oğlanla bir qız qaçırlar. Padşah bunları tutdu, gətirdi. Qızı saldı öz qızının yanına, İbrahimi də saldı bir quyuya.

Bulud divlərin birini günbatana qovdu, o birini də günçıxana. Qayıdıb gördü nə qız var, nə də İbrahim. Gəlib bir şəhərə çıxdı. Gördü bu şəhərin adamları hamısı qara geyinib, soruşdu:
– Niyə qara geyinmisiniz?

Dedilər:
– Padşah iki qərib adam tutub gətirib, dustaq eləyib, ona görə qara geyinmişik. Bulud dedi:
– Onlar hardadır:

Dedilər ki, qız o imarətdə, oğlan da quyudadır. Bulud gəldi quyunun başına, daşı qaldırdı, çağırdı:
– İbrahim?

İbrahim quyudan hay verdi.
– Can!

Bulud belindən kəməndi açdı, İbrahimi quyudan çıxartdı.
Bulud İbrahimi götürüb gəldi padşahın yanına. Qapını açdı, içəri girəndə padşah ona baxdı, gördü buna qoşun da cavab verə bilməz.

Vəzir dedi:
– Qibleyi-aləm, belə adamla qohum olmaqdan başqa əlac yoxdur.

Padşah soruşdu:
– Adınız nədir?
– Mənim adım Buluddu, ağamın da adı İbrahim.

Padşah dedi:
– Bulud, mənim bir qızım var, gəl onu verim sənə, qohum olaq.

Bulud dedi:
– Xeyr, o nə mənə lazımdır, nə də ağama.

Padşah bunların hərəsinə bir at, çoxlu hədiyyə verdi. Üççərək xanımı da gətirdilər, hər üçü yola düşdü. O qədər yol gəldilər ki, axırda İbrahimin atasının vilayəti göründü.

Bulud dedi:
– Mən o qızıl balığam ki, üç dəfə məni balıqçıdan alıb dənizə buraxdın. O yaxşılıqların əvəzi idi çıxırdım. İndi səndən ayrılıb gedirəm. Ancaq bil ki, xörəyə zəhər qatıb sənə verəcəklər. Sən xörəyi ya itə, ya da pişiyə at. Özün yemə.

Bulud İbrahimlə görüşdü. Dəryaya sarı getdi. İbrahim gördü Bulud balıq donunu geyinib dəryaya baş vurdu.

… Şəhərə daxil oldular. Padşaha muştuluqçu getdi ki, İbrahim gəlir, bir qız da gətirir. Padşah muştuluqçunun muştuluğunu versə də ürəyindəki ürəyində idi. O, oğlunun üzündən öpdü, axşama xörək tədarükü gördürdü.
Xörəyə zəhər qatdırdı.

İbrahim xörəyi yemədi, bir az atdı tulanın qabağına. Tula yeyən kimi öldü. Padşah oğlunu ağıllı, tədbirli görüb tutduğu işdən peşman oldu, təzədən oğlunun üzgözündən öpdü, ona yeddi gün, yeddi gecə toy eləyib şahlığı da tapşırdı İbrahimə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir