Arı və Gül

Biri var idi, biri yox idi. Çəmənlərin birində gözəl, Nazlı adında bir gül var idi.

Çəmənlərdəki bütün güllər ona həsəd aparardılar. Bu gül bütün günü özünü tərif edib öyünürdü.

Bir gün yenə əlinə güzgüsünü alıb dedi:

– Görəsən dünyada mənim kimi gözəl, nazlı gül varmı? Gorəsən kimin belə gözəl gözləri, al yanaqları var?

Bu cəhətlərinə görə çəmənlikdəki digər güllər onu sevməzdilər, onunla danışıb söhbət etməzdilər.

Nazlı isə buna fikir verməyib özünü tərif edib nazlanardı. Lakin o bilmirdi ki, onun danışığı, lovğalığı onu çirkinləşdirir, bütün dostlarından uzaqlaşdırırdı.

Nazlı hələ bilmirdi ki, heç kəsə simasına görə qiymət vermək olmaz. Hamını gözəlləşdirən onun xasiyyətidir.

Gözəl yaz səhərlərindən biri idi. Nazlı yenə gözlərini süzdürə-süzdürə öz güzgüsünü axtarmağa başladı.

Elə təzəcə özünü tərif etməyə başlamışdı ki uzaqdan bir arının ona tərəf uçduğunu gördü.

Arı Nazlıya lap yaxınlaşanda Nazlı qışqırmağa başladı.

O, nə qədər dostlarından kömək istədisə də onun harayına heç kəs çatmadı.

Arı onun ləçəyində iri bir dəlik açdı. Nazlı üçün bu böyük bir dərd idi.

İndi o öz zahirindən yalnız utana bilərdi. Nazlı ağladığı bir vaxtda çəməndəki güllərdən biri ona necə kömək edəcəyi barədə düşünürdü.

Birdən gül Nazlıya dedi:

– Sən fikir eləmə, mənim ağlıma gözəl bir fikir gəlib. Mən sənin üçün hörümçək torundan tələ düzəldəcəyəm. Sabah arı sənə yaxınlaşanda arını tora salarsan. Qoy o bir daha səni narahat etməsin.

Nazlı bu sözləri eşidib dedi:

– Sən necədə xoş xasiyyətli gözəl gülsən. Mənim o qədər başım özümə qarışıb ki, sənin kimi qayğıkeş, sadiq bir dostu görməmişəm. Çox sağol.

Sübh tezdən Nazlı əlinə toru alıb arını gözləyirdi. O uzaqdan vızıltı eşidib toru gizlətdi.

Bu vızıltı arının vızıltısı idi. Böyük həvəslə Nazlıya tərəf uçan arı onu orda gözləyənlərdən bixəbər idi.

Arı Nazlıya təzəcə yaxınlaşmışdı ki özünü torda gördü. O nə qədər çapaladısa tordan çıxa bilmədi.

Bunu görən Nazlı çox sevindi və dedi:

-Sən məni daha narahat etməyəcəksən. Mən yenə də əvvəlki kimi gözəl olacağam.

O, köməyə görə dostuna minnətdarlıq etməyi də unutmadı. Hər şeydən çox o, sadiq dostu olduğuna sevinirdi.

 

Müəllif: Səbinə Haqverdiyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir