Körpələr doğulan andan etibarən hadisələrə emosional reaksiya vermək qabiliyyətinə malikdirlər. Hər böyük insan körpə uşağın məhz nəyə reaksiya verdiyini anlaya bilməz. Bir yaşına qədər uşaqlarda iki emosional reaksiya növü üstünlük təşkil edir: gülmə və ağlama. Əlbəttə, onlardan hər birinin çox sayda nüansları və çalarları var. Bir yaşına qədər uşaqlar qəzəblənməyi, darıxdığını nümayiş etdirməyi, narazılığını, sevgisini, müəyyən istəklərini və s. biruzə verməyi öyrənirlər. Amma hislərin qamması və onları ifadə etmə vasitələri kifayət qədər deyil.
İki yaşından sonra emosional sfera daha sürətlə inkişaf edir, daha aydın və zəngin olur. Hislərin yeni, cəmiyyət tərəfindən qəbul edilən ifadə vasitələri ortaya çıxır. Təbii ki, bu vasitələri körpələrə böyüklər öyrədirlər. Və belə öyrətmələr nə qədər tez başlasa, o qədər yaxşıdır. Ətrafdakılara kədər və narahatlıq verməyən özünü ifadə vasitəsi cəmiyyət tərəfindən qəbul edilmiş üsul hesab edilir.
Əgər əsəbləşmisənsə, əlinə fırça və qara boya alıb bütün vərəqi dəhşətli ləkələrlə boyaya bilərsən. Hətta rəsmlərdə heyrəti, eləcə də uşaq tamaşasında, sirk nümayişində, yaz meşəsində gəzən zaman tanış olduğun yeni bir şeyə heyranlığı təsvir etmək olar. Uşaqlara fırça və boyaları tez-tez təklif edin. Qoy öz qəzəblərini, incikliklərini, sevgilərini, sevinvc dolu ümidlərini təsvir etsinlər. Rəsm dolmuş emosiyaları azad etməklə incə psixikanı yüklənməkdən qoruyur. Bu hal xüsusilə mənfi emosiyalara aiddir.
Amma rəsm çəkməyi bütün uşaqlar sevmir. Eşitmə yönündən də özünü ifadəetmənin parlaq nümunələri var. Belələrinə musiqi, mahnı, müxtəlif səs çıxarma üsulları təklif edin. Bu da ətraf aləmlə emosiyaları paylaşmağın gözəl vasitəsidir. Qulaq duyumu daha inkişaf etmiş balacaya emosional gərginlik anında bir neçə musiqi aləti təklif edin ki, qoy onların vasitəsilə öz vəziyyətini təsvir etməyə çalışsın. Ola bilsin ki, ona nağara kifayətdir. Başqa səfər isə o əlinə fleytanı götürüb, incə-incə üfürməyə başlayacaqdır.
Bədən dili ilə özlərini ifadə edən uşaqlara isə hərəkət lazımdır. Bu cür uşaqlara rəqs daha ideal seçimdir. Bu sözü hərfi mənada qəbul etməyə ehtiyac yoxdur. Ola bilsin ki, onların hislərini vəhşi rəqsləri xatırladan çılğın hoрpanmalar ifadə edəcəkdir. Növbəti dəfə isə ona fırlanaraq azca yanlara doğru yırğalanmaq bəs edəcəkdir. Amma ən yaxşısı öz övladına seçim üçün həm onu, həm o birini, üçüncünü də, dördüncünü də, lap elə onuncu vasitəni də təklif etməkdir. Hər bir uşaq intuisiyaları əsasında ona məhz həmin anda nə lazım olduğunu hiss edir. Öz toppuş balanıza etibar etsəniz, onun balaca ürəyinin nə ilə sakitləşməyə hazır olduğunu tez anlayacaqsınız.