Nizami “Simnarın dastanı” əsərində yaşadığı cəmiyyətdə saray və sənətkar problemini qaldırmış, sənətə münasibət, sənətkarın taleyi ilə bağlı acı həqiqətlərdən söz açmışdır. Özü üçün qəsr tikdirmək istəyən Neman şah arzusunu mahir sənətkar Simnara bildirir. Simnar gecə-gündüz çalışıb gözəl, tayı-bərabəri olmayan bir imarət ucaldır. Misilsiz gözəlliyə malik Xavərnəq qəsrinə heyran qalan Neman şah Simnardan soruşur: “Bu qəsrdən daha gözəl bir qəsr tikə bilərsənmi?” Simnar deyir ki, şah istəsə, bundan qat-qat gözəl bir saray tikərəm. Zalım Neman şah bunu eşidəndə öz-özünə deyir ki, onu buraxsa, özgəsi üçün daha gözəl imarət tikəcək. Odur ki, Simnarı tikdiyi qaladan atıb öldürməyi əmr edir. Bu hadisədən çıxan nəticə çox ibrətamizdir:
Yanar bir atəşdir hər hakim, hər şah,
Ondan uzaq olan çəkməz, aman, ah.
Əsərdə zalım hökmdarın kəskin tənqidi diqqəti cəlb edir. Neman şah şöhrətpərəst, xain, qəddar bir hökmdardır. Sənətin, sənətkarın qədrini bilməyən şah günahsız bir insanı – mahir sənətkarı tikdirdiyi qaladan atdırmaqla öz xislətindəki eybəcərliyi açıb göstərir.
ardını sesli qulaq asın