Bir padşah var idi. Onun gözləri ağrıyırdı, nə qədər həkim gəlirdisə sağalda bilmirdi.
Yenə bir gün həkim gəlir, padşahın gözlərinə baxıb deyir:
– Padşah sağ olsun, gözlərinin dərmanını bilirəm. Amma o, əlçatmaz, ağılkəsməz bir yerdədir.
Padşah deyir:
– Sən yerini de, mən tapdıraram.
Həkim deyir:
– Ağ dəryada bir xallı balıq var, onun qanından gözlərinə çəksən, sağalarsan. Həkim sözlərini qurtaran kimi padşah car çəkdirdi, bütün balıqçıları yığdırdı ağ dəryanın qırağına.
Sonra da oğlunu çağırıb dedi:
– Oğul, bir dəstə adam götür, həmin xallı balıq çıxana kimi dəryada nə qədər balıq var hamısını çəkdir tökdür qırağa.
Oğlan balıqçılara əmr elədi ki, kim o balığı tutsa, çoxlu bəxşiş alacaqdır.
Balıqçılar torlarını atıb dəryadakı balıqları başladılar tutub qırağa atmağa. Birdən xallı balıq çıxdı. Oğlan baxıb gördü ki, bu bir qəşəng balıqdır ki, adam sağ əlin kəsməyə qıyar, amma onun ölümünə qıymaz.
Oğlan heyfsilənə- heyfsilənə istədi balığın başın kəssin, birdən balıq dilə gəlib dedi:
– Ey oğlan, məni öldürmə, vaxt gələr sənə lazım olaram!
Oğlan fikrindən keçirdi ki, atamın gözünün ağrısı bəlkə sağaldı, bu balıq ki,
belə dil açıb mənə yalvardı, yaxşısı budur onu buraxım.
Oğlan balığı atdı dəryaya, sonra üzünü balıqçılara tutub dedi:
– Əgər bu siirri bir adam açsa, başını bədənindən ayıraram.
Balıqçılar and içdilər ki, arxayın ol, bizlərdən bu sirri açan olmaz.
Oğlan dəyra kənarından qayıdıb atasına dedi:
– Ata, nə qədər axtardıqsa, xallı balığı tapa bilmədik.
Padşah gözü ağrıya-ağrıya qalmışdı. Bir gün cuğul gəlib xəbər verdi ki, ey padşah, sənin gözünün dərmanı olan xallı balığı balıqçılar tutmuşdular. Amma oğlun onu götürüb qəsdən dəryaya atdı.
Padşah bu xəbəri eşidən kimi qəzəbindən az qaldı dəli olsun, o saat qırmızı geyinib çıxdı taxta, əmr elədi ki, oğlunun boynu vurulsun.
Vəzir, vəkil padşahın ayağına düşüb yalvardılar ki, bir qələtdi eləyib, oğlunu öldürmə.
Padşah dedi:
– Olmaz, gərək ölsün. O mənim ölməyimi istəyir ki, taxt-tacıma sahib olsun.
Padşah yola gəlmirdi. Axırda ağsaqqal, qarasaqqal minnət elədilər, yalvardılar ki, heç olmasa oğlunun ölümündən keç, sürgün elə.
Padşah bir az yumşalıb, onların sözünü eşitdi, əmr elədi ki, oğlu çıxıb torpağımdan getsin.
Şahzadə həmin günü yola düşüb başladı getməyə. Ağ dəryanın qırağı ilə gedirdi. Yolda bir oğlana rast gəldi.
Oğlan dedi:
– Mənim də yolum bu tərəfədir, gəlsənə yoldaş olaq?
Şahzadə oğlan dedi:
– Yoldaş yox, lap gəl qardaş olaq.
Hər ikisi dostlaşıb başladılar yol getməyə. Bir az gedəndən sonra, yolda rast
olduğu adam dedi:
– Qardaş, demək ayıb olmasın, nə peşənin sahibisən, əlindən nə iş gəlir?
Şahzadə dedi:
– Heç bir peşəm yoxdur.
Oğlan dedi:
– Eybi yoxdur, mən yaxşı həkiməm. Şəhərləri, kəndləri gəzərik, nə qazansan
səninlə yarı bölərəm, dolanarıq.
Xeyli yol gedib bir şəhərə çatdılar. Həmin şəhərin padşahının bircə qızı var idi. Onun yeddi il idi ki, dili tutulmuşdu. Padşah əhd eləyibmiş ki, hər kim qızımın dilini açsa, ona ərə verəcəyəm, aça bilməsə boynunu vurduracağam.
Qızı almaq həvəsinə düşən həkimlər hər gün gəlirdilər, heç bir əlac eləyə bilmirdilər, padşah da hamısının boynunu vurdururdu. Şahzadə ilə həkim oğlan da gəlib həmin şəhərə çıxmışdılar. Gördülər ki, bir adamı dar ağacından asıblar.
Adamlar dedilər:
– Padşahın bir qızı var, yeddi ildir dili tutulub, lal olub. Bu həkim gəlmişdi qızın dilin açmağa, aça bilməyib. Odur ki, padşah asdırıb.
Həkim oğlan bu sözü eşidən kimi yoldaşını da götürüb getdi padşahın yanına, ədəblə baş endirib dedi:
– Mən gəlmişəm sənin qızının dilini açam.
Padşah oğlanı xoşsifət görüb dedi:
– Ey cavan, indiyə kimi qırx həkim gəlib, heç biri qızımın dilini aça bilməyib, hamısını öldürtmüşəm. Yazıqsan, sənə heyfim gəlir, aça bilməsən boynunu vurduraram.
Oğlan dedi:
– Padşah sağ olsun, mən o ölənlərdən artıq deyiləm ki, aça bilmərəm öldürərsən. İzin ver, gedim qızın yanına.
Padşah izin verdi. Həkim oğlan öz yoldaşını da götürüb gəldi qızın yanına. Bu tərəfdən də padşah vəzir, vəkili götürüb getdi qızının evinə, xəlvətcə bir gizli yerdən başladılar qulaq asmağa.
Həkim oğlan qızın yanına girəndə ona heç bir söz demədi. Otaqda ləl- cavahirata tutulmuş gözəl bir şamdan var idi. Üzünü şamdana tutub dedi: – Salaməleyküm, ey qızıl şamdan!
Bu haman şamdan idi ki, qıza ölmüş anasından yadigar qalmışdı. Qız onu gözündən artıq sevirdi. Anası öldükdən sonra and içmişdi ki, yeddi il dinib- danışmayacaqdır. Ona görə, özünü lallığa vurmuşdu.
Həkim oğlan şamdana salam verəndən sonra dedi:
– Ey qızıl şamdan, bu gecə sənə qonağam, bir nağıl söyləyəcəyəm, qulaq asıb cavab verərsən…
– Ay qızıl şamdan, günlərin bir günündə bir dərzi, bir dülgər, bir həkim yoldaş olub yol gedirdilər.
O qədər getdilər ki, bir meşədə axşamladılar. Gördülər yuxuları gəlir. Fikirləşdilər ki, üçü də birdən yatsa gecə qurd-quş onları yeyər. Odur ki, növbə ilə yatmağı qərara aldılar. Çöp atdılar, ilk gözləmə növbəti dülgərə düşdü. Əlinin peşəsini göstərmək üçün mişarını, rəndəsini, kərkisini götürüb ağacdan bir qız heykəli düzəltdi.
Gecədən bir xeyli keçdi. İndi də gözləmə növbəti dərziyə çatdı. Dərzi növbə çəkəndə gördü ki, ağaca çılpaq bir qız söykənib. Yaxından baxıb gördü ki, ağacdan düzəldilib. Bildi ki, bu dülgərin işidir. O da əlinin qabiliyyətini göstərmək üçün qayçısını, iynə-sapını çıxardıb, bir dəst paltar tikib qızın əyninə geyindirdi.
Səhərə yaxın növbə çəkmək həkimə düşdü, həkim baxdı ki, ağaca bir qız söykənib durub. Yaxın gedib gördü ki, taxtadan düzəldilib. O saat başa düşdü ki, bu yoldaşlarının işidir. Həkim də öz elmini göstərmək üçün qıza dərman verib onu cana gətirdi. Səhər açıldı.
Dülgər dedi:
– Bu qızı ağacdan mən yonub əvvəlcə düzəltmişəm, odur ki, qız mənimdir. Dərzi dedi:
– Paltarını mən tikmişəm, qız mənə düşür. Həkim dedi:
– Ona canı mən vermişəm, qız mənim olmalıdır.
Qızın üstündə dava düşdü. İndi, ay qızıl şamdan, söylə görüm, o qız üç yoldaşın hansının olmalıdır?
Qızıl şamdandan cavab çıxmadı.
Oğlan dedi:
– Ay qızıl şamdan, cavab ver, yoxsa bir ağac vuraram qırıq-qırıq olarsan. Şamdandan yenə səs çıxmadı.
Oğlan geri çəkilib qızıl şamdanı vurmaq istəyəndə qız dözə bilmədi, dilə gəlib dedi:
– Ay oğlan, şamdan da danışarmı? Onu qırma, qoy mən deyim.
Oğlan dedi:
– De görüm, düzmü tapacaqsan.
Qız dedi:
– Dülgər zəhmət çəkib dülgərlik haqqını, dərzi də paltar haqqını alsın. Qızı cana gətirən həkimdir. Canı pulla satın almaq olmaz. Deməli, qız həkimin olmalıdır.
Padşah, vəzir, vəkil qapıdan qızın danışdığını eşitdilər, içəri keçib oğlandan razılıq elədilər. Padşah öz əhdini yerinə yetirib qızını verdi həkimin ixtiyarına, dedi:
– İstəyirsən özün al, istəyirsən başqasına ver.
Padşah çoxlu cehiz, qul-qaravaşla qızını verdi oğlana, həkim oğlan qızı götürüb dostuyla bərabər gəldilər haman dəryanın qırağına ki, orada dost olmuşdular.
Bu yerlərdən keçəndə qız dedi:
– Ey həkim, siz böyük bir hiylə ilə məni danışdırıb əhdimi pozdunuz, mən bilmək istərdim görüm siz kimsiniz, məni hara aparırsınız.
Həkim dedi:
– Mən balıqlar padşahının oğluyam. Hər dona girməyi bilirəm. Bir gün mən bu ağ dəryada üzürdüm, balıqçılar məni tora salıb tutdular. Mənim qanım padşahın gözünə dərman üçün lazım idi. Bu oğlan məni öldürməyib salamat suya buraxdı. İndi mən səni cehizli, qul-qaravaşlı bağışladım bu oğlana. Bu gündən sən mənim bacım, padşah oğlu da yeznəmdi.
Nə vaxt sizə lazım olsam gəlib ağ dəryanın qırağından səslərsiniz gələrəm. – Oğlan bunu deyib qanından bir az şüşəyə tökdü, verdi padşah oğluna, dedi:
– Apar atanın gözünə sürt, yaxşı olsun.
Həkim təzədən oğlanla, qızlla vidalaşıb balıq donuna düşüb, özünü dəryaya vurub gözdən itdi.
Padşah oğlu qızı götürüb gəldi atasının şəhərinə, ata-anası ilə görüşüb-öpüşdü. Balığın qanından atasının gözlərinə sürtüb sağaltdı.
Padşah böyük məclis düzəldib şəhəri bəzətdi, oğlunu qırmızı geyindirib öz yerinə – taxta çıxartdı. Qırx gün-qırx gecə toy eləyib həmin qızı oğluna aldı.
Oğlanla qız beləcə yaxşı günlər keçirib, xoş dövran sürməyə başladılar.
Çox gujdu nagildi