Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlib. 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violonçel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib. Evdə pianosu olmadığından, o, gecələr sinifdə yaradıcılıqla məşğul olub respublikada keçirilən mahnı müsabiqələrində mükafatlar alıb. Bir müddət Dövlət Konservatoriyasının violonçel sinfində oxuduqdan sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olundu.
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazandı. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar bəstələməyə başladı. Eyni zamanda o, “Qız-ulduz”, “Pişik və Sərçə” və “‘Meşə nağılı” operalarını da yazdı. “Şəngülüm, Şüngülüm və Məngülüm‘‘ adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ‘‘Şənlən mənim xalqım‘‘ uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
2010-2012 illərdə O.Zülfüqarov “Məlikməmməd” nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, “Tumurcuq” və “Aysel” Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə musiqi dərslikləri yazıb.
Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeir yazıb və onlar “Oxuyur Aysel” adlı topluda işıq üzü görüb. 1972-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq Artisti adına layiq görülüb, 2009-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarov Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri olub.
Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyümüşdür. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi. Əvəzolunmaz sənətkar Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.