Məktəbə tam hazırlıq və sosiallaşma

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

Son illər məktəbəhazırlıqla bağlı tətbiq olunan yeniliklər valideynlər, bütövlükdə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır.

Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsini artırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən atılan addımlar bu sahədə artıq bir sıra əsaslı dönüşə səbəb olub.

Xüsusilə, ötən ildən paytaxtın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilməsi bu prosesin əhatə dairəsinin genişləndirilməsini, respublikanın şəhər və rayonlarında da tətbiqini zəruri edib.

Və nəticə etibarı ilə 2018-2019-cu dərs ili üçün Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil müəssisələrində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının elektron sistem vasitəsilə həyata keçirilməsinə start verilib.

Artıq avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb və sentyabrın 25-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva yeni tədris ilindən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qrupları ilə bağlı məlumatları avqustun 15 -də Təhsil Nazirliyində keçirilən brifinqdə daha ətraflı açıqlayıb.

Şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması…

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Tətbiq edilən bu yeniliyin ictimaiyyət tərəfindən razılıqla qarşılanmasının səbəblərindən biri də məhz budur.

Belə ki, artıq valideynin öz övladını məktəbəhazırlıq qrupuna qəbulla bağlı qeydiyyatdan keçirmək üçün məktəbə gəlməsinə ehtiyac yoxdur. O, şəxsiyyətini təsdiq edən sənədlə mektebeqebul.edu.az saytına daxil olaraq qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabineti”ni yaradır. Elektron sistemdə qeydiyyat zamanı istifadəçi mobil telefon nömrəsini və ya elektron poçt ünvanını qeyd edə bilər. Məktəblərin seçimi ilə bağlı valideyn elektron sistemdə istədiyi məktəbə sorğu yerləşdirməlidir.

Sektor müdiri bildirib ki, elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqustdan 28 sentyabradək davam edəcək. Adıçəkilən rayonlarda yerləşən məcburi köçkün məktəbləri üzrə ərizələrin onlayn qeydiyyatı isə sentyabrın 1-dən 25-dək aparılacaq. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 3 sentyabrdan başlayacaq və 28 sentyabrda başa çatacaq.

Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə, o cümlədən həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində ərazi prinsipi tətbiq olunmur.

Elektron sorğu yerləşdirən valideyn “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”sini və digər sənədləri (uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti və ya şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnamə, sağlamlıq haqqında 26U formalı arayış, 3×4 ölçüdə 2 rəngli fotoşəkil, Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının himayə sənədi, xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda)) yuxarıda qeyd olunan tarixdən məktəbə təqdim edə bilər.

O da diqqətə çatdırılıb ki, qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn və ya adları qeyd edilən rayon, şəhərlər üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.

Tədris vəsaitləri ilə təminat

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir. Əsas məqsədi 5 yaşlı uşaqların məktəb təliminə tam hazırlıqlı olması, onlarda məktəb hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığı artırmaq, balacaları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini, sosiallaşmasını təmin etmək olan məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayacaq və mayın 31-də başa çatacaq.

4 gün fəaliyyət göstərəcək və valideyn tərəfindən heç bir ödəniş edilməyəcək məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçiriləcək. Gün ərzində təşkil olunacaq 3 məşğələnin hər birinin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Uşaqların tədris vəsaiti ilə təminatı da dövlət hesabınadır.

Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Valideynlər razıdırlar

Tətbiq edilən yeniliklər təbii ki, valideynin rahatlığına, məktəb və müəllim seçimində heç bir kənar müdaxilənin olmamasına, obyektivliyin qorunmasına, uşağın məktəbə tam hazırlıqlı olmasına hədəflənib. Ən əsası isə məktəbəqədər hazırlıq qruplarının ödənişsiz olması xüsusilə valideynlərin ürəyincədir. Peşəkar ibtidai sinif müəllimləri onların uşaqlarına təmənnasız dərs deyir və balacalar məktəbə tam hazır olur, təhsil mühitinə uyğunlaşırlar. Bu xidmətdən yararlanan çoxsaylı valideynlər razılıq edir və hər bir məktəbdə belə qrupların açılmasını arzulayırlar.

Elə son illərin statistikası da onu göstərir ki, uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin miqyası artmaqdadır. Belə ki, ölkəmizdə 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edirdisə, 2018-2019-cu dərs ilində həmin göstəricinin 75 faiz olacağı nəzərdə tutulur, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması proqnozlaşdırılır.

Mənbə

error: Content is protected !!