Kəpənək, ay kəpənək, gəl qaçdı-tutdu oynayaq.
Elə bil kəpənək Lalənin dilini başa düşdü, bir anlığa qanad saxladı. Bayaqdan təkbaşına oynayırdı, otdan-ota, çiçəkdən-çiçəyə atlanırdı. Xal-xal qanadları yelpik kimi yığılıb açıldıqca səhər günəşinin şüaları altında parıldayırdı.
Lalə bu şən və qəşəng kəpənəyə heyran-heyran baxırdı və onunla oynamaq istəyirdi. Deyəsən, kəpənək də təkbaşına oynamaqdan bezdi. Odur ki, uçub Lalənin yaxınlığındakı gül budağına qondu. İndi Lalə onu lap yaxından görürdü. Uzun bığları tərpənir, darı dənələri kimi qapqara gözləri bir yerdə qərar tutmur, hey firlanırdı.
Lalə elə bildi ki, kəpənək ona baxıb gülür.
-Hə, indi qaç, mən səni tutum…
Kəpənək narıncı qanadlarını çalıb havaya qalxdı, Lalənin dövrəsində fırlandı, sonra lap qızcığazın qabağından süzüb irəli uçdu. Lalə onun arxasınca götürüldü. Gül ləklərinin arası ilə xeyli qaçdılar. Lalə qaçdıqca qoşa hörüklərinə bağlanmış ağ lent topaları atılıb-düşür, onun özünü də kəpənəyə oxşadırdı. Elə bil bir kəpənək başqa kəpənəyi qovurdu. Amma Lalə qanadları xallı kəpənəyə çata bilmirdi.
Qızcığazın səs-küyü, gülüşü bütün bağçanı başına götürmüşdü. O, əl-qolunu ata-ata kəpənəyin dalınca qaçır, qaçdıqca sevinc içində qışqırırdı:
-İndi səni tutaram. Görək kim bərk qaçır…
Lakin kəpənək Lalədən cəld idi. Qız ona çatan kimi qızılı qanadlarını yelləyir, gah aşağı, gah da yuxarı uçurdu və beləliklə, Lalənin totuq əlləri havadan asıla qalırdı.
Beləcə çox qaçdılar. Lalə yoruldu. Tövşüуə-tövşüуə gəlib bir ağaca söykəndi. Başını aşağı salıb, güllü donunun ətəyini barmağına doladı. Qızcığazın dodaqları büzülmüşdü, kirpikləri az qala pörtmüş sifətinə yapışmışdı. Kəpənək Lalənin dayandığını görüb ona yaxınlaşdı, başı üzərində dövrə vurdu, qanadları ilə az qala saçına sığal çəkdi. Lalə isə incik səslə dilləndi:
-Sən pis oynayırsan.”Elə qaçırsan ki, heç tuta bilmirəm…
Elə bil kəpənək Lalənin küsdüyünü hiss edib, lap yaxına uçdu, qızın gözləri qarşısında qanad çaldı., sonra güllü donunun yaxasına qondu. Lalə onu lap aydınca görürdü. Xallı qanadları yelpik kimi yellənirdi, gözləri bayaqkından da iri tərpənirdi, bığları da ki, hey oynayırdı. Kəpənək qızcığazı oynamağa dəvət edirdi. Lalə əvvəlcə nazlandı:
Yox, istəmirəm, – deyib dodaqlarını daha bərk büzdü. Amma bir qədər keçmiş dikəldi, gözəl kəpənəyə baxdı və birdən:
Əl səndə! – deyib qəflətən kəpənəyi vurdu və gülə-gülə ləklərə tərəf qaçdı. Qaça-qaça ucadan qışqırdı:
İndi sən məni tut görüm, nесə tutursan…
Lalə hörüklərini ata-ata arxasına baxmadan qaçırdı. Lakin birdən dayandı, geri çevrildi. Xal-xal kəpənək yox idi. Lalənin gülüşü sifətində donub qaldı, həyəcanla ətrafa boylandı. Kəpənək görünmürdü.
– Harada qaldın? Bax, yenə küsəcəyəm ha…
Lalə əllərini havada yelləyib, ucadan qışqırdı. Birdən barmaqlarında gözqamaşdıran işıq gördü. Diqqətlə baxdı. Sanki sağ əlini qızıl tozuna batırmışdılar. Bu, narınc rəngli kəpənəyin qanadlarından tökülmüşdü.
Lalə bayaq dayandığı ağacın yanına qaçdı. Xallı kəpənəyi yerdə, otların üstündə tapdı.
– Uç, niyə uçmursan? Yoxsa qorxursan məni tuta bilməyəsən? -Deyib, aşağı əyildi, diqqətlə kəpənəyə baxdı. Kəpənək uça bilmirdi, bir otun üstündə dayanıb ləngər vururdu. Onun xallı qanadları daha yelpik kimi yellənmirdi, darı kimi qara gözləri yerində oynamırdı, uzun bığları tərpənmirdi.
Lalə ehmalca onu əlinə götürdü. Kəpənəyin bir qanadı yarıyadək yox idi.
– Bəs, indi nесə olacaq? Daha uça bilməyəcəksən…
Lalə kövrəldi, hönkürtü ilə ağladı. Qızcığazın səsinə anası çıxdı, eyvandan enib, bağçaya gəldi. Qanadı qırılmış kəpənəyi, Lalənin əlinə yaxılmış qızıl rəngli tozu gördü, hər şeyi basa düşdü. Kəpənəyi Lalənin əlindən aldı, aparıb günün altına, gül ləçəyinin üstünə qoydu. Kəpənək elə bil dirçəldi, gözləri oynamağa başladı, qanadları yenidən parladı, az qala göz qamaşdırdı. Anası Lalənin yaşarmış yanaqlarını sildi, qəşəng sözlər dedi:
– Kəpənəyin loğmanı günəşdir. Burada о sağalacaq, toza dönmüş qanadı özünə qayıdacaq. İndi isə gedək evə, gərək axşamadək kəpənəyə dəyməyək.
Axşam tərəfi günəş hündür ağacların arxasında gizlənəndə Lalə tələsik bağçaya qaçdı. Tanış gül ləçəyinin üstünə baxdı, xallı kəpənək yox idi.
Qızcığaz gül ləklərinin arasında xeyli gəzdi, sonra otların, çiçəklərin üstünə göz gəzdirdi, ağaclara tərəf boylandı, xallı kəpənəyi heç yerdə görmədi.
Narıncı kəpənək günəşdən qanad almışdı, uçub uzağa getmişdi. Lalə gözlərini güllərin üstündən uzağa zillədi. Astadan dilləndi:
– Qayıt gəl səni bir də vurmaram…