GÜNƏŞİN NAĞILI

Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri – adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar.

Dedilər:
– Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı.

Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər.

Dedilər:
– O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.

Tovuzquşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub Günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu:

– Kimsən, nə istəyirsən?

– Mən Tovuzquşuyam. Səni oyatmağa gəlmişəm. Tez çıx işlər çətinə düşüb.

– Kimin işidir, çətinə düşən?

– Lap elə mənim. Qaranlıqda Qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür.

Günəş hirsləndi.

– Deməli mən sənin quyruğuna lazımam. Rədd ol, burdan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm.

Tovuzquşu əliboş qayıtdı. Sonra Günəşin yanına Bülbülü göndərdilər. Hamı düşünürdü, onun qəşəng səsi var. Günəşi birtəhər razı salar.

Doğrudan da Günəş Bülbülün nəğməsini eşidəndə həyəcanlandı, köks oturdu, yuxulu-yuxulu dedi:

– Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa, söylə, səninçün hər şeyə hazıram.

– Xahiş edirəm, dünyanı işıqlandırın. Qoy gecə qurtarsın.

Günəş maraqla soruşdu:

– Məgər sən gecələr mahnı oxuya bilmirsən?

– Əksinə, mən hər gecə oxuyuram. Bir-iki gün də səhər açılmasa, səsim tutulacaq.

Günəş onun sözündən pərt oldu. Deməli mən yalnız ondan ötəri yerimdən qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın, hə? Bəs, öz istirahətim necə olsun? Rədd ol, burdan. Bülbül də kor-peşiman geri qayıtdı.

Bu dəfə Günəşin yanına Tutuquşunu göndərdilər. O, dənizin arxasındakı evə çatar-çatmaz qışqırdı:

– Bəsdir, tənbəllik elədin, oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hirsləndiyini görmürəm.

Günəş cavab vermədi. Qorxdu ki, Tutuquşu onun özünü də yamsılayar.

Tutuquşu da yerə əliboş qayıtdı. Elə bu vaxt Xoruz xahiş etdi ki, Günəşi oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona inanmırdı. Deyirdilər ki, Xoruz gözəl deyil, sədi kobuddur. Amma ondan başqa getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar. Xoruz uça-uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxuda idi. Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş səksənib ayıldı. Az qala yıxılacağdı. Yorğanı üstündən düşdü, bütün dünya işıqlandı. Günəş gözlərini ovuşdura-ovuşdur qışqırdı: – Bu kimdir? Menim evimdə nə gəzirsən?

– Quqqulu qu, quqqulu qu, oyan, ay tənbəl, öz vəzifəni bilmirsən?

Günəş gərnəşdi.

– Nə vəzifə?

– Axı sənin vəzifən işıq saçmaq, yeri qızdırmaqdır. Sənsiz yer üzündü həyat olmaz. Hər yana zülmət çökər. Onda öz həyatın da mənasız keçər.

Günəşin gözləri doldu.

– Mən onsuz da ömrüm boyu əbəs işləmişəm, heç kəs qədrimi bilmir. Mənə qiymət vermir. Tovuzquşu ancaq quyruğunu xidmət edir, Bülbül öz nəğmələrinə qulaq asır, Tutuquşu da ağılsızın biridir.

Xoruz onunla razılaşmadı. Dedi:

– Ey, tənbəl Günəş, sən adamları unutmusan. Axı onlar sənsiz yaşaya bilməz

Günəş təəccübləndi.

– Adamlar nəyimə gərəkdir? Guya onlar olmasa, işığım, hərarətim azalacaq.

– Bəs necə? Adamlar olmasa, rəngin solar. Səhər çağı sənin şuaların şehli otların, sünbüllərin, çəmənlərin üzərinə düşüb bərk vurur, çoxalır. Bəs, torpağı əkib becərən, yaşıllaşdıran kimdir?

Günəş dedi:

– Əlbəttə adamlar.

– De görək, su götürmək üçün yerdəki quyuları kim qazıb? – Adamlar qazıb. Bundan nə olsun ki?

– Sən məşhur bir məsəli unutmusan. Qulaq as, gör orda nə deyilir? Ayın əksi göllərə düşür, Ulduzlar sayrışır, hər quyuda Günəşin şəkli görünür.  Günəş onun sözləri ilə razılaşdı. Xoruz dedi:

– Qadınlar bulaq başında toplaşanda sən onların kuzəsində (bardağ) əks edirsən. Yaxşı deyiblər, göydə bir Günəş var, yaxşı ev sahibinin isə kuzəsi bir Günəşdir.

Günəş onunla razılaşdi.

– Nə deyim, bəlkə də sən haqlısan, ancaq yerimdən qalxmağa həvəsim gəlmir.

– Onda rəngin solacaq, sönüb gedəcəksən. Lap kotan kimi. Yadındadır kəndlinin kotanı da işsiz qaldıqından tamam pas atmışdı.

– Elədir, elədir, sən haqlısan.

– İndi gördün, adamlar olmasa, dünyaya zülmət çökər. Sən isə insan əli ilə düzəldilən hər şeydə bərq vuran minlərlə günəşi görə bilməzsən.  Günəş fikrə getdi:

– Ay xoruzz, nəğmələrin çox şirindir, ancaq başa düş ki, mən özümçün yaşamaq, dincəlmək istəyirəm.

– E, e, e, tənbəl Günəş, yalnız özü üçün yaşayan hər kəs, başqaları üçün ölmüş kimidir. Yalnız yaxşı işləyənlər, yaxşı da dincəlir.

Günəş yataqdan qalxdı, var-qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan bəri Xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O, əvvəlcə üzünü Günəşə tutub deyir:

– Quqqulu qu, quqqulu qu, oyan, işə başlamaq vaxtıdır. Sonra o, torpağa müraciət edir. Oyan, öz şirənlə toxumlara və köklərə qüvvət ver. Xoruz üçüncü mahnısını adamlar üçüm oxuyur. Yerinizdən qalxın, oyanın, gün çıxıb, torpaq sizi gözləyir, oyanın.



Müəllif: Şifahi xalq ədəbiyyatı