Lap qədimlərdə balaca bir siçan balası var idi. Onun bir güzgüsü var idi. Bu güzgü sadə güzgü deyildi, sehrli idi. Kim bu güzgüyə baxsa idi, özünü böyük və qüvvətli görərdi. Siçan balası da həmişə öz sehrli güzgüsünə baxar, ona elə gələrdi ki, o elə doğrudan da dünyada tayı bərabəri olmayan ən böyük və güclü heyvandır. Siçan balası o biri siçanlara çox yüksəkdən baxmağa başlamışdı. Onlarla oynamaq, hətta danışmaq da istəmirdi. O, küncdə oturub lovğa-lovğa öz bığını tumarlayar, ya da öz cumbulu ayaqlarilə yeri tapdalayardı, qulağını torpağa qoyub qulaq asardı ki, görsün ayağının zərbəsindən yer titrədi, ya yox! Onun heç ağlına gəlməzdi ki, dünyada ondan böyük və güclü heyvan ola bilər.
Baxın, bu siçan balası belə təkəbbürlü idi! Bir dəfə onun təcrübəli və qoca siçan olan xalası dedi:
– Bacıoğlu, bax ha, ehtiyatlı ol! Hamı bilir ki, sən çox lovğalanmısan və özünü bütün heyvanlardan qüdrətli elan etmisən.
Ancaq yadında saxla ki, sənin öyünməyin filin xoşuna gəlmir.
– Hələ bir fil nədir? – deyə siçan balası ciyildədi. – Hansı fil? Fil nədir? Əşi, onu bir bura çağır görək! Mən bir göz qırpımında onunla hesablaşaram!
Siçan balasının xalası dünyada çox ömür sürmüşdü və çox şeylər görmüşdü. O, bığaltı gülümsünüb dedi:
– Fil, dünyada ən böyük heyvandır. Elə bir heyvan tapılmaz ki, ondan qorxmamış olsun.
– Ola bilməz ki, hansı bir fil isə məndən qüvvətli olsun, – deyə siçan balası cavab verib fili tapmağa getdi.
O, meşə talasında yaşıl kərtənkələyə rast gəldi.
– Bir de görüm, fil sənsən? – deyə siçan balası soruşdu.
– Yox, mən kərtənkələyəm. Fil sənin nəyinə lazımdır? – deyə kərtənkələ maraqlandı.
– Dua eylə ki, sən canını mənim əlimdən qurtardın. Əgər sən fil olsaydın, mən səni parça-parça edərdim! – deyə siçan balası qışqırdı.
Balaca siçan balasının elə gülməli üzü vardı ki, kərtənkələ özünü saxlaya bilməyib güldü.
Siçan balası hirsləndi, öz gücünü ona göstərmək üçün ayağını yerə vurdu. Təsadüfən gərək elə ildırım da həmin o anda çaxa idi! Yaşıl kərtənkələ qorxdu, tez özünü daşın altına soxdu. Ona elə gəldi ki, bu gurultunu siçan balası qaldırıb. “Gör mən necə güclüyəm!” – deyə siçan balası da bu aralıq öz-özünə düşünüb qaçdı.
Bir az gedib bir böcəyə rast gəldi.
– Ey, dayan, sən, təsadüfən fil deyilsən? – deyə ondan soruşdu. Böcək özünü itirdi.
– Yox, – deyə dili topuq çala-çala cavab verdi. – Mən fil deyiləm, böcəyəm.
– Onda sənin bəxtin gətirdi! Sevin ki, sən fil deyilsən. Yoxsa mən sənin sür-sümüyünü yerlə yeksan etmişdim!
Böcək bu sözləri eşidib ancaq gülümsündü. Onda balaca siçan balası ayağını yerə vurdu ki, böcəyi qorxutsun. Ancaq bu dəfə ildırım çaxmadı.
Siçan balası ayağını yerə bir də vurdu, yenə də ildırım çaxmadı, heç bir zəif səs də çıxmadı!
“Yəqin ki, yer yaşdır. Ona görə səs çıxmır!” – deyə siçan balası özlüyündə düşündü, qaçıb yoluna davam etdi.
O bir neçə metr qaçmamışdı ki, qəribə bir heyvana rast gəldi. O heyvan ağacın yanında oturub yazıq-yazıq baxırdı.
“Bax, yəqin ki, bu fildir! – deyə siçan balası düşündü. – O, məni görüb, duyub ki, mən nə üçün gəlmişəm, ona görə də belə dərdə-qəmə batıb”.
– De görək, sən filsən? – deyə siçan balası mülayimliklə soruşdu.
Heyvan, siçan balasının sualını eşidib gülümsündü və belə cavab verdi:
– Yox, mən fil deyiləm, ancaq mən dünya üzünün ağasının dostuyam. Mən itəm.
– Bəs o dünya üzünün ağası kimdir? – deyə siçan balası soruşdu.
İt dedi:
– İnsan!
– Yox əşi? Bəxtin gətirdi ki, sən itsən. Əgər fil olsaydın, işin yaşdı! Ancaq yadında saxla ki, dünyanın yeganə ağası mənəm, insan deyil! Yaxşı olar ki, sən öz sözlərini geri götürəsən.
İt istədi ki, bu lovğanı bir az ələ salsın:
– Sən doğru deyirsən, qüdrətli heyvan! Hətta insanlar da sənin üçün işləyirlər. Onlar taxıl əkib-biçirlər, sən də onu yeyirsən!
İt bunu deyib, qaçıb öz yolu ilə getdi.
Siçan balası da yoluna davam edib meşənin lap dərinliklərinə çatdı. O, burada dağ boyda boyu olan heyvana rast gəldi, onun ayaqları ağac gövdəsi yoğunluqda idi, iki quyruğu vardı: biri uzun – özü də qabaqda idi, o biri qısa isə dalda idi.
– Olmaya sən filsən? – deyə lovğa siçan var gücüylə qışqırdı.
Fil ətrafa baxıb heç kəsi görmədi. Siçan balası böyük daşın üstünə dırmaşıb çıxanda fil diqqətlə baxıb onu gördü.
– Bəli, mən filəm, – deyə cavab verdi.
– Sən necə cürət edib məni ələ salmısan və hirslə hədələmisən! – deyə siçan balası qışqırdı, ayağını daşa vurdu. Bu dəfə də ildırım çaxmadı.
Siçan balasının qəzəbi filin heç dodağını da qaçırdıb güldürmədi. O, sakitcə xortumuna su alıb həddini aşan siçan balasının üstünə tökdü. Bir göz qırpımında su – özünüöyəni daşın üstündən yuyub yerə saldı. Siçan balası az qala suda boğulacaqdı. Ancaq bir təhər özünə gəlib güc-bəla ilə nohurdan çıxdı. Siçan balası heç gözləmirdi ki, fillə onun davası bu cür rüsvayçılıqla qurtarar.
Siçan balası suyu süzülə-süzülə evə qayıtdı. İndi o bilirdi ki, dünyada ondan çox-çox qüvvətli heyvanlar var. Siçan balası o vaxtdan bəri daha bir də lovğalanmır və öz gücü ilə öyünmür. Özünün sehrli güzgüsünə isə ondan sonra bir də baxmadı!