siçan və göbələk

Siçan və Göbələk

Payız fəsli idi. Hər yer qızılı yarpaqlarla örtülmüşdü. Bir gün bir ac siçan meşədə özünə yemək axtarırdı. Birdən yağış yağmağa başladı. Siçan özünə gizlənmək üçün yer axtaranda ağacın altında qırmızı, üstündə ağ xalları olan çətir gördü. Siçan gedib həmin çətirin altında gizləndi.

Yağış kəsəndən sonra siçan çətirin altından çıxdı. Birdən siçanın çətirinin burnu və gözləri əmələ gəldi. Siçanın çətiri dedi:

— Mənə təşəkkür etməyəcəksən?

— Təşəkkür edirəm, amma heç bir çətirin gözü, burnu olmuraxı… Məncə, sən sehirli çətirsən.

— Yox, mən sehirli deyiləm. Məni çətirə oxşatmağın təbiidir, amma mən çətir deyiləm. Hamı mənə papaqlı göbələk deyir.

​- Şad oldum. Məni isə hamı balaca siçan deyə çağırır.

— Mən də şad oldum. Dostum, səndən bir xahiş edəcəm. Payız gəlib, ağaclar yarpaqlarını tökür. Bu ağac da yarpaqlarını mənim üstümə tökür. Başımı yaman qaşındırır. Əlim də yoxdurki, yarpaqları təmizləyim. Zəhmət olmasa, sən təmizlə də.

Siçan göbələyin üstünə çıxıb yarpaqları bir-bir təmizlədi. Göbələk siçana təşəkkür etdi.

Siçan dedi: — Artıq gecdir. Mən evimə gedim. Sabah yenə gələrəm.

Siçan gedən kimi göbələk də yatdı. Ertəsi gün siçan həmin yerə gələndə gördü ki, göbələk yoxdur.

Siçan öz-özünə dedi: — Bu göbələyin ayağı yox, qolu yox… O, necə gedib, görəsən? Yoxsa başına bir iş gəlib?

Siçan tez gedib göbələyi axtarmağa başladı.

İndi isə gəlin sizə göbələkdən danışım. Göbələk bərkyuxuya getmişdi. Meşədə bir oğlan gəzirdi.

Göbələyi görüb öz-özünə dedi:- Bu, nə qəşəng göbələkdir, naharda bisirib yeyərəm.

O, göbələyi qoparıb evinə doğru yol aldı. Oğlan meşənin ortasına çatmışdı ki, göbələk yuxudan ayıldı və oğlana dedi:

-Ay oğlan, məni hara aparırsan? Oğlan göbələyin danışdığını görüb qorxusundan onu yerə tulladı və qaçmağa başladı.

Göbələk ona gülməyə başladı. Siçan göbələyin səsini eşidib tez onun yanına qaçdı. Göbələk başına gələnləri siçana danışdı. Siçan göbələyi öz evinin yanındakı ağacın altında əkdi və o vaxtdan onlar ən yaxın dost və qonşu oldular.

Müəllifi: Yusif Cəbili Zaur oğlu.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.

error: Content is protected !!