Kirpi / Nağıllar / Gəncə haqqında hekayət. Səhnə 1

Gəncə haqqında hekayət. Səhnə 1

Aparıcı:
– Bu nə rəvayətdir, nə də əfsanə,
Bu gün bir hekayət deyəcəm sənə.
Bir şəhər var idi adı Bağdaddı,
Orda yaşayanlar doğmaydı, yaddı.
Vardı bu şəhərin bir xəlifəsi,
Var-dövlət hərisi, mal-pul hərisi.
Əfsus, çox istəyər, az qazanardı,
Qızıldan, gümüşdən kəsiri vardı.
Çünki xəzinəni talamışdılar,
Yurdunda bir tonqal qalamışdılar.
Getmişdi atlası, ləli, gövhəri,
Çıxmışdı canından həyat cövhəri.
Qulu-qaravaşı yuxuya verib,
Yığıb xəzinəni aparmışdılar.
Elə bil mirvari, almazla birgə
Xəlifənin qəlbin qoparmışdılar.

Şah:
Qulu-qaravaşı atın zindana,
Qoy zindan havası yayılsın cana.
İşgəncə taxtına otursun qullar
Axtarın, tapın siz hardadır pullar?
Qoşunlar səfbəsəf düzülsün bu gün,
Başlar bədənlərdən üzülsün bu gün.

Vəzir:
Yox artıq, itibdir gözdən oğrular,
Keçibdir dərədən, düzdən oğrular.
Hər tərəf mal-qara, ilxı və naxır
Yerdən də, göydən də var-dövlət axır.
Əmr edin əyanlar düzəlsin yola
Nəzər gəzdirsinlər sağa və sola.
İpəyə dəyişsin ədviyyatları
Nəsə qazanarıq, dərd olar yarı.

Həkim:
Deyirlər göylərdə uçur xalçalar,
Üstünə səmadan incilər yağar.
Sehrli xurcunlar hey dolub-daşar,
İçində mirvari-zümrüd sayrışar.
İpəklər napnazik günəş nurudur
Axan göz yaşını üzdə qurudur.
Çadırlarda həyat qaynayır-daşır
Çatılan ocaqlar yurda yaraşır.

Şah:
Haydı, yəhərləyin kəhər atları
Çapın, harada dövlət var, oraya sarı.
Qoy getsin magistr, münəccim, həkim,
Cəlladı eləyin onlara təhkim.
Vəzir, oğruları tapsan, ollam şad
Qoy üzsün onların başını cəllad.
Xəzinə axtarın, düz otuz günə
Tapın, hardan olsa, çatdırın mənə.
Olmasa, yox olar uşaqlarınız,
Çapılar, talanar dövlət, varınız.

Münəccim:
Yolu Şərqə doğru götürək, dostlar
Nə tapsaq, buraya gətirək, dostlar.
O yerdə sehrli bir çiçək bitər
Çəməndə çiçəklər içində itər.
Ulduzlar göstərir mənə o yolu
Deyir: “Get, oralar qızılla dolu”.

Vəzir:
Gedək, tez axtaraq, çadırı tapaq,
Uçan xalçaların ardınca çapaq.

Münəccim:
Sehrli çiçəyin bitdiyi yerdə,
Çayların çağlayıb itdiyi yerdə.
Almazın, incinin, ləlin yox sayı,
O dövlət gölündə var şahın payı.

Şah:
Necə tapacaqsan yolu, o yerə?

Münəccim:
Ulduzlar göstərir, göz lazım görə.

error: Content is protected !!