simnar

Simnar

Bəhramın atası neçə il İranda şahlıq etmiş, öz zülmü ilə xalqın nifrətini qazanmışdı.
İyirmi ildə onun neçə övladı olmuş, hamısı da ölmüşdü. Bəhram anadan olan kimi şahın sevinci yerə-göyə sığmadı.
O, oğlunun xoşbəxt böyüməsi üçün tədbir aradı.

Şaha məsləhət gördülər ki, Bəhramı Ərəbistana göndərsin, orada yaxşı və səfalı bir yer seçsin, uşaq orada böyüsün.
Şah özü kimi zülmkar Ərəbistan şahı Nemanı yanına çağırıb oğlunu ona tapşırdı.
O, Bəhramı özü ilə Ərəbistana apardı.
İllər keçirdi. Neman şah Bəhramı çox əziz saxlayırdı. O, dörd il bu qayda ilə uşağı bəsləyib böyütdü.

Bir gün Neman öz oğluna dedi:
– Oğul, bu uşağı bizə tapşırıblar, mən həmişə narahatam. Sən bilirsən ki, bizim yerlərin havası isti, qurudur.
Bəhram isə incə, zərif uşaqdır. O, bu istiyə tab gətirə bilməz.
Onu çox uca bir yerdə bəsləməliyik…

Neman şah məsləhətdən sonra Bəhram uca, geniş və səfalı bir yer axtarmağa başladı. Elə bir yer tapdılar.
Bacarıqlı bir usta burada saray tikməli idi. Ancaq şahın bəyəndiyi usta tapılmırdı.
Bu işi boynuna götürən ustalar sarayı tikməyə başlayır, sonra öhdəsindən gələ bilmir, binanı yarımçıq qoyub gedirdilər.

Bir gün Neman şaha xəbər gətirdilər:
– Siz axtaran ustanı tapmışıq. Həmin usta məşhur Simnardır. Simnarın sənətinin şöhrəti dünyanı tutub.
Bir çox ölkələrdə həmin hünərli memarın tikdiyi binalar hamını heyran etmişdir.
Onun tikdiyi binalın heç birində qüsur yoxdur. Özü bənnadırsa da minlərlə rəssam ondan sənət öyrənir.
İndiyə qədər hünərdə ona çatan, bilikdə onu ötən yoxdur.
Şahzadə Bəhram üçün uca, gözəl sarayı ancaq o tikə bilər.

Bu xəbərdən Neman şah çox sevindi. Adam göndərib onu çağırtdırdı.
Simnar gəldi. Neman öz fikrini bənnaya dedi və lazım olan hər bir şeyi hazırlatdı.
Simnar qollarını çırmalayıb gözəl bir sənət nümunəsi yaratmaq eşqi və sevinci ilə işə başladı.
Dəmir təki möhkəm əlləri ilə yorulmadan beş il işlədi. Kəc və daşdan gümüş kimi qəşəng bir bina tikdi.

Simnarın tikdiyi saray aya yüksəlirdi. Sarayın tamaşası yorğun adama yuxu kimi şirin, naxışları isə susuza su kimi dadlı görünürdü. Sarayın divarına gün düşəndə, şəfəqdən adamın gözü qamaşırdı.
Eşiyi gözəl, içi rahat idi. Divarları ayna kimi parıldayır, gecə-gündüz üç rəngə çalırdı.
Günəş üfüqdən aralanıb günorta yerinə qalxanda sarayın üzü gün kimi saralırdı.
Bulud günəşi örtəndə, saray ağ rəngə boyanırdı.

Saray tikilib qurtardıqdan sonra Neman şah Simnardan soruşdu:
– Bundan da gözəl saray tikə bilərsənmi?

Simnar fəxrlə söylədi:
– Elə bir saray tikərəm, bu saray onun yanında daxmaya oxşayar. Bu üçn rənglidirsə, o, yüz rəngli olar.
Bu daşdandırsa, o yaqutdan olar.

Simnarın cavabını eşidən Neman şahın rəngi qızardı. O, əlləri qızıl sənətkara bərk qəzəbləndi.
Hirsindən, hikkədən dilini-dodağını gəmirən şah öz-özünə dedi: “ Bu bənnanı salamat buraxsam, daha gözəl saray tikəcək. Mənim adımı- sanımı, sarayımın şöhrətini heçə çıxaracaq”

Şah tez-tələsik qulluqçularını çağırdı və tapşırdı ki, Simnarı sarayın başından yerə tullasınlar.
Simnarı öz tikdiyi sarayın başından yerə atıb öldürdülər.
Lakin onun adı və hünəri xalqın xatirində həmişəlik qaldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir