Kirpi və Tülkü yenə rastlaşdı

Uzun bir müddət keçdikdən sonra bir gün tülkü köhnə dostu kirpi ilə qarşılaşdı.

Köhnə dostlar ayrıldıqdan sonra başlarına gələn əhvalatları bir-birinə danışırdılar.

Elə bu vaxt onların yanındakı ağaca ağzında yağ olan bir qarğa gəlib qondu.

Təsadüfən yağ qarğanın ağzından yerə düşdü. Tülkü də, kirpi də çox ac idi.

Yağı kimin yeyəcəyi ilə bağlı mübahisə etməyə başladılar.

Tülku yenə bir hiyləgərlik fikirləşdi və dedi: − Yağ mənimdir.

Kirpi dedi:− Xeyr, yağ mənimdir.

Kirpi mübahisə etməklə bir şey əldə edə bilməyəcəyini başa düşdü və dedi:

− Bu, belə olmaz, dostum, kimin yaşı böyüksə yağ onun olsun.

Tülkü razılaşdı və dedi:

− De görək, sənin neçə yaşın var. Kirpi dedi:

− Xeyr, əvvəl sən de.

Tülkü dedi: − Xeyr, əvvəl sən de.

Kirpi dedi: − Xeyr, sən de.

Axırda əvvəl tülkü yaşını deməyə razılaşdı və yaxşıca fikirləşdikdən sonra dedi: − Eee… dostum, mən yer bomboş ikən, göy də mis olanda anadan olmuşam.

Kirpi bu sözləri eşidəndə gözlərindən inci kimi yaşlar töküb ağlamağa başladı.

Tülkü onun ağladığını görüb çaşdı və dedi:

− Nə oldu, dostum, niyə ağlayırsan?

Kirpi gözlərini sildi və dedi:

− Bilirsən, dostum, sən belə deyəndə kiçik oğlum yadıma düşdü. Onun üçün ağlayıram.

O da yer bomboş ikən, göy də mis olanda anadan olmuşdu. Amma yazıq, çox gənc yaşda ölüb getdi.

Kirpi bunları deyib yağ parçasını ağzına atdı və ləzzətlə yeməyə başladı.

Tülkü də kirpinin ağzına baxaraq dedi:

− Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir