“Evə ayı gəlib” nağılı

Rəşadla Lalənin yay günləri çox maraqlı keçirdi.
Onlar həm iş görür, həm də hər gün özlərinə maraqlı bir əyləncə tapırdılar.
Quşlar üçün yuva düzəldir, evlərinin yaxınlığında yerləşən balaca göldən balıq tutur, meşəyə gəzməyə gedir, vaxtlarını maraqlı keçirirdilər. Bir gün onların qonşuluğuna şəhərdən balaca, koppuş, həm də dilli-dilavər bir qız gəldi.
Adı Pəri idi. Pərini də yay günlərində kəndə – nənəsinin yanına gətirmişdilər. Rəşad və Lalənin Pərini oynatmaqdan, onu danışdırmaqdan çox xoşları gəlirdi.

Bir gün Pərinin nənəsi təqaüdünü almaq üçün şəhərə getdi. Pərini isə Rəşadla Laləyə tapşırdı.
Uşaqlar çox sevindilər. Onlar evin içərisində Pəri üçün evcik düzəltdilər.
Lalə onun gəlinciyini bələyib beşiyinə qoydu ki, Pəri onu yatırtsın.
Özü isə Rəşadla birlikdə evin arxasında əkdikləri gülləri sulamağa getdilər.

Elə təzəcə işə başlamışdılar ki, Pərinin qışqırıq səsini eşitdilər. Onlar tez evin qabağına qaçdılar.
Pəri çardağdan Rəşadı çağırdı. Onu görən kimi ağlaya-ağlaya dedi: “Elnay! Mənə kömək elə, qoyxuyam!”.
Uşaqlar Pəridən nə olduğunu soruşdular. Pəri: “Evə ayı gəlib! Mən qoyxuyam!”, – dedi.

Ayı adı eşidən kimi uşaqlar məəttəl qaldılar.
«Axı ayı günün-günorta çağı kəndin içi ilə necə gəlib evə girə bilərdi?», deyə Rəşad fikirləşdi.
Buna təəccüblənsə də, özünü itirmədi.
Həyətdən bir nərdivan tapıb, onu çardağın pəncərəsinə söykədi və Laləyə dedi:
– Lalə, Pərini qurtarmalıyıq! Sən gözlə, mənsə çardağa qalxıb, Pərini evdən çölə çıxardım!
Sonra isə üzünü Pəriyə tutub qışqırdı: – Pəri, qorxma, çardaqda gözlə, bu dəqiqə yanına qalxıram.
Rəşad bunu deyib, nərdivanla çardağa dırmaşdı. Pəri qorxudan ağlaya-ağlaya Rəşadın boynuna sarıldı.
Rəşad Pərini sakitləşdirdi. Sonra isə çardağın qapısına yaxınlaşıb onu örtmək istədi ki, ayı çardağa girə bilməsin.
Özü də ayını görmək üçün evin ortasına boylandı.
Amma heç nə görməyib, soruşdu: – Pəri, bəs ayı hanı?

Pəri Rəşada yaxın gəlib, evin ortasına boylandı. İçini çəkə-çəkə dedi: “Ba-a-ax, qonub bal qabının üstünə”.
Rəşad bunu eşidən kimi bərkdən güldü, çardağın pəncərəsinə yaxınlaşıb Laləni səslədi: -Lalə, qorxma, ayı-zad yoxdur, Pəri «arı» demək əvəzinə «ayı» deyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir