Bir dəfə Dovşanla Qoyun rast olurlar. Qərara aldılar ki, ömürləri boyu bir-birindən ayrılmasınlar. Qoyun Dovşana dedi:
– Gəl, özümüzə koma tikək.
– Tikək də. Nə deyirəm?
Ertəsi günü Dovşanla Qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdeli bir ağaca yaxınlaşdılar. Qoyun dedi:
– Mən bu ağacı kökündən qırıb, yerə yıxaram.
– Qıra bilməzsən?
– İndicə qıraram, görərsən.
Qoyun dal-dalı qaçıb ağaca bir kəllə vurdu. Ağac tappıltı ilə yerə yıxıldı.
Dovşan fikirləşdi, ağac qırmaq nə asanmış? Bunu mən də bacararam. Onlar başqa ağaca yaxınlaşdılar. Dovşan dedi:
– Bu ağacı mən də qıracağam.
Qoyun gülü-gülə dedi:
– Bacarmazsan.
– Mən qırım, sən də tamaşa elə.
Dovşan dal-dalı qaçıb alnını zərblə ağaca vurdu. Ağac tərpənmədi. Dovşanın başı isə çiyinləri arasına keçdi. Qoyun dostuna kömək etmək üçün yaxına gəldi.
– Möhkəm dur, qulaqlarından tutub başını çiyinlərindən çəkib çıxardacağam.
Qoyun Dovşanın qulaqlarını buraxmadı. Dovşanın başını çiyinlərindən dartıb çıxartdı. Qulaqlarını isə az qala yerindən qoparacaqdı. O, vaxtdan bəri Dovşanın qulaqları uzundur.