“Tülkü, tülkü, tünbəki” nağılı

"Tülkü, tülkü, tünbəki" nağılıBiri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin.
Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı.
Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü sevindiyindən çırtıq çalıb oynamağa başladı.
Şələ quyruğunu yelləyə-yelləyə doyunca oynadı.
Sonra öz-özünə dedi: “Yaxşıca əlimə quyruq düşüb, onu yeməsəm, heç hara getməyəcəyəm”.
Tülkünün ağzının suyu axmağa başladı. Elə bil quyruq dil açıb tülkünü çağırırdı.
Tülkü baba özünü saxlaya bilməyib, quyuya tullandı, guppultu ilə quyunun dibinə düşdü. Yazığın əzilməmiş yeri qalmadı. Ufuldaya-ufuldaya ayağa qalxdı, quyruğuna tərəf getdi. Ağzını açdı ki, quyruğu yesin, donub yerində qaldı. Sən demə, bu quyruq  yox, bir parça ağ daş imiş. Tülkü  çox fikirləşdi, tədbir tökdü, istədi quyudan çıxsın, amma bacarmadı. Çünki quyu çox dərin idi. Tülkü  quyruğunu yanına qısıb, bir küncdə çömbəldi. Bir də gördü bir ilanla, bir tısbağa ona tərəf gəlirlər.

Tülkü baba sevinib dedi:
– Qardaşlar, siz burda nə gəzirsiniz?
Tısbağa cavab verdi:
– Tülkü baba, biz də sənin kimi öz tamahımızın ucundan buraya düşmüşük,  çıxa bilmirik.
Elə bu vaxt quyunun başından səs gəldi.

Tülkü dedi:
– Gizlənək, görək bu kimdi?
Hər üçü bir küncdə gizləndi. Bir az keçmişdi ki,  gördülər bir şey tappıltı ilə quyuya düşdü. Baxdılar quyuya düşən çaqqaldı. Tülkü ona baxıb güldü və bərkdən dedi:
– Çaqqal qardaş, xoş gəlmisən, beş gətirmisən.
Çaqqal tülkü babanı görüb bağırdı:
– Axmaq-axmaq danışma, çəkil oyana görüm. Quyruq mənimdi.
Tülkü baba cavab verdi:
– Ay axmaq caqqal, boş yerə acıqlanma. O, quyruq deyil, bir parça ağ daşdı. Səni aldadan kimi, bizi də aldadıb bura salıb. İndi hamımız bu quyuda acından qırılacağıq.

Çaqqal dodaqlarını büzüb ağlamağa başladı. Bu zaman quyunun başından bir gurultu eşidildi. Tülkü baba çaqqala dedi:
– Ağlayıb baş-gözümüzü aparma. Quyunun başından səs-küy gəlir. Gəl gizlənək, görək indi qonağımız kim olacaq?
Çəkilib bir küncdə gizləndilər.

Bir az keçmişdi, bir zorba qurd quyudakı daşı quyruq hesab eləyib atıldı, şappıltı ilə quyunun dibinə düşdü. Qol-qabırğası əzilmiş halda yerdən qalxıb quyruğun üstünə cumdu. Baxdı ki, quyruq nə gəzir? Bu, bir ağ daş imiş. Acıqlı-acıqlı o tərəfə, bu tərəfə baxmağa başladı, küncə qısılmış tülkünü, çaqqalı, tısbağanı, bir də ilanı gördü. Qurd başladı bağırmağa:
– Yoxsa, burdakı quyruğu siz yemisiniz?
Çaqqal qorxusundan tülkünün böyrünə qısıldı. Tülkü quyruğunu yerə sallayıb qulaqlarını irəli uzatdı. Qurda cavab verdi:
– Qurd ağa, acıqlanma.  Sən görən quyruq deyil, bir parça ağ daşdı. O daş bizi aldadan kimi, səni də aldadıb. Ax tamah, tamah…
Qurdun qulağı büzüşdü, istədi tülkü babaya cavab versin. Elə bu vaxt quyunun başından bir səs gəldi. Hamı qaçıb bir tərəfdə gizləndi. Çox keçmədən bir yekə donuz tappıltı ilə quyuya düşdü. Donuzun ayağı o qədər ağrımışdı ki, ayağa qalxa bilmirdi. Quyudakılar ona baxıb gülüşdülər. Donuz ağlaya-ağlaya dedi:
– Qardaşlar, bəs, siz burda nə edirsiniz?
Tülkü baba cavab verdi:
– Heç soruşma, donuz qardaş, sənin başına gələn bizim də başımıza gəlib. Gəl bəri, baxaq görək bu bir parça ağ daş daha hansı axmağı tora salacaq?..

Bu zaman quyunun başından bir donquldanma eşidildi. Heyvanların altısı da qaçıb gizləndi. Bir böyük ayı gurultu ilə quyunun dibinə düşdü. Ayı yumşaq idi, heç yeri əzilmədi, tez ayağa durdu. Tüklərini qabardıb, acıqlı-acıqlı hər tərəfə göz gəzdirdi. Quyudakıları görüb dal ayaqları üstə qalxdı, gözlərini bərəldib qışqırdı:
– Deyin görüm burdakı quyruğu hansınız yediniz?
Quyudakıların dili tutuldu. Tülkü irəli yeriyib, qorxa-qorxa dedi:
– A ayı lələ, biz quyruq yeməmişik. Sən gördüyün quyruq deyil, bir ağ daşdı. Səni aldadan kimi, bizi də aldadıb bura salıb. Heç acıqlanıb eləmə. Burdan nə sən çıxa biləcəksən, nə də biz.
Ayı tülkü babanın sözünə gülüb, sıçradı ki, quyudan çıxsın, amma bacarmadı. Çünki quyu çox dərin idi. Əlacsız qalıb tülküyə dedi:
– Tülkü baba, bəs, nə eyləyək ki, burdan çıxaq?
Tülkü  cavab verdi:
– Mən də bilmirəm. Gəlin hamımız bir yerdə yaxşıca fikirləşək, görək bir yol tapa bilərikmi?
Hərə bir tərəfdə oturub fikirləşməyə başladı. Amma nə qədər fikirləşdilərsə, bir yol tapa bilmədilər. Axırda hamısı yoruldu. Hərə bir tərəfdə uzanıb yatdı. Ancaq tülkü yatmadı, fikir eləyirdi ki, bir kələk qursun, bunların hamısını ayı qırsın, özü də onun əlindən qurtulsun.

Həmin gün heyvanlar ac qaldılar, sabahısı da yeməyə bir şey tapmadılar. Üçüncü gün tülkü gördü ki, daha dura bilmir, acından öləcək. Quyudakıları başına toplayıb dedi:
– Qardaşlar, görürsünüz ki,  acından ölürük. Hamımızın ölməyimizdənsə,  birimizin ölməyi yaxşıdı. Qoyun mən bir mahnı oxuyum, hər kimin adı axıra düşsə, onu yeyək.
Hamı buna razı oldu. Tülkü ayağa qalxıb oxumağa başladı:

Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Çaqqal çavuş,
İlan qamçı,
Tısbağa çanaq,
Biz ona qonaq.

Hamı bir-birinin üzünə baxdı. Tülkü üzünü ayıya tutub dedi:
– A ayı lələ, sən bilirsən ki, biz burda nə su tapacağıq içək, nə arpa, buğda tapacağıq ölçək. Ona görə də bizə çanaq saxlamaq lazım deyil. Mən nəğməni oxudum. Məndən demək, sizdən yemək.
Onlar tökülüb tısbağanı yedilər.
Ayı dedi:
– Tülkü baba, bundan bir şey çıxmadı. Bir də oxu.

Tülkü oxumağa başladı:
Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Çaqqal çavuş,
İlan qamçı,
Bircə damcı.

Yenə hamı bir-birinin üzünə baxdı. Tülkü dedi:
– A ayı lələ, bizim burda atımız, ulağımız yox, qamçı nəyimizə lazımdı? Məndən demək, sizdən yemək.
Tökülüb ilanı da yedilər.
Ayı dedi:
– Tülkü baba, bundan da bir şey olmadı. Bir də oxu görək.

Tülkü oxumağa başladı:
Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Çaqqal çavuş,
Bizdən soruş.

Hamı tülkünün üzünə baxdı. Tülkü dedi:
– Qardaşlar, çanaqla qamçını yedik. Qaldı indi bizim çavuşumuz. Çavuş nəyimizə lazımdır? Dava eləməyəcəyik ki, təlim keçə, məscidə getməyəcəyik ki, azan verə. Məndən demək, sizdən yemək.
Tökülüb çaqqalı da yedilər. O günü belə keçirdilər. Gecə yatdılar. Səhər tezdən yenə bir-birinin üzünə baxdılar. Ayı dedi:
– Tülkü baba, acından ölürəm, oxu görək indi növbə kimə düşür?

Tülkü oxumağa başladı:
Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Səsi bayquş.

Yenə də hamı bir-birinin üzünə baxdı. Tülkü dedi:
– Ayı lələ, ulavuş bizim nəyimizə lazımdı? Elə əslinə baxsan, o uladı ki, biz bu günə qaldıq. Məndən demək, səndən yemək.

Ayı o saat qurdu qarmaladı. Basıb onu da yedilər. O günü də belə keçirib sabahı elədilər. Ayı üzünü tülküyə tutub dedi:
– Tülkü baba, acından ölürəm. Durma oxu, bir nahar eləyək.

Tülkü oxumağa başladı:

Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq…

Ayı o saat pəncəsilə basıb donuzun belini qırdı. Hərəsi bir tərəfdən onun ətini parçalayıb yeməyə başladılar.
Bir neçə gün də donuzun əti ilə dolandılar. Tülkü donuzun ətindən bir qədər qoltuğunda gizlətmişdi. Burnunu qoltuğunun altına salıb hərdən yeyirdi. Ayı bunu görüb dedi:
– Tülkü baba, əti hardan alıb yeyirsən? Mənə də ver.
Tülkü dedi:
– Öz qoltuğumun ətidi, söküb yeyirəm. Sən də öz qoltuğunun ətini ye.
Ayının ağlına batdı, qoltuğunu dişi ilə sökdü. Qan başladı sel kimi axmağa. O qədər qan axdı ki, axırda ayı taqətdən düşdü, yıxılıb  öldü. Tülkü bir müddət də ayının əti ilə dolandı. Sonra yenə də aclıq başladı. Tülkü acından  vaqqıldaya-vaqqıldaya dedi:
– Ax, tamah, ax tamah!.. Sən nə pis şeysən. Əgər tamahımı yığsaydım, bura düşməzdim!
Bir ovçu ordan keçirdi. Tülkünün səsini eşidib, quyunun başına gəldi. İp sallayıb tülkünü quyudan çıxardı və dedi:
– Ay tülkü, camaatda toyuq qoymadın, çöllərdə quş qoymadın, yazıqların hamısını boğazlayıb yedin. İndi də mən səni boğub öldürəcəyəm, dərini soyub boğazından çıxardacağam.
Ovçu tülkünü boğub, kənara atdı. Elə bilirdi ki, tülkü ölüb. Biçağını itilədi ki, dərisini soysun, birdən tülkü yerdən sıçrayıb götürüldü. Ovçu səsə qanrılıb baxdı ki, tülkü odu təpənin başında. Tülkü ovçuya tərəf baxıb dedi:
– Ovçu qardaş, adam işin birini qurtarmamış, o birinə başlamaz. Hələ bir bax, gör öldürmüsən, ya yox, sonra dərisini soymağa hazırlaş.
Ovçu bir söz demədi. Gördü ki, tülkü düz deyir, kor-peşman evinə qayıtdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir