“Kim güclüdür” nagılı

Biri vardı, biri yoxdu, bir çəyirtkə vardı. O hələ çox balaca olduğundan, çox uzağa uça bilmirdi və tez yorulurdu. Bir dəfə o uçdu, uçdu, tez də yoruldu. Gölməçənin üstünə düşmüş bir yarpağa qondu ki, həm dincəlsin, həm də su içsin. Bu vaxt bir qurbağa hoppanıb onu tutdu. Çəyirtkə hay-küy saldı:

– Burax məni, susamışam, su içirəm!

– Buraxım səni, sonra ac qalım?

– Kim acsa məni yeməlidir?

– O biriliəri bilmirəm, mən səni yeməliyəm!

– Dəlisən, məni niyə yeyirsən?

– Dəli deyiləm, qayda belədir. Güclü gücsüzü yeməlidir!

– Belə çıxır hamıdan güclü sənsən?

– Elədir, hamıdan güclü mənəm!

Qurbağa çəyirtkəni torbasına saldı ki, aparıb yesin. Qurbağa bilmirdi ki, köstəbək ona qulaq asır. Söhbətin bu yerində köstəbək dözə bilmədli, Qurbağanı ayağından tutdu. Qurbağa quruldadı:

– Qurr, qurrr…., buraxın məni….. Qurbağa Köstəbəyi güclə tanıdı:

– Köstəbək, a köstəbək, yalvarıram, burax çıxım gedim, yemə məni, nə olar?

– Bəs bayaqdan çəyirtkənin yanında lovğalanırsan ki, meşədə hamıdan güclüsən, bəs nə oldu? Hanı sənin gücün?

– Səhv eləmişəm, ən güclü mən deyiləm, sənsən! Köstəbək güldü. Qurbağanın sözləri ona ləzzət elədi:

– Bir daha de! Bərkdən de! Qurbağa daha da bərkdən quruldadı:

– Qurrr, qurrrr, eşidin bilin, meşədə ən güclü heyvan Köstəbəkdir!

Köstəbək elə ürəkdən güldü ki, gülməkdən xırda gözləri bir az da balacalaşdı. Gözlərini tam açanda isə gördü ki, qarşısında bir tülkü dayanıb. Tülkü bir əlini belinə qoymuş, digər əlində isə torba tutmuşdu. O, gözlərini hiyləgərcəsinə qıyıb dedi:

– Eşitdim, demisən meşənin ən güclüsü sənsən, düzdü? Köstəbək başa düşdü ki, axır günləridir.

Amma can şirindi deyə, bir yol axtardı ki, tülküdən canı qurtarsın:

– Mən demədim hamıdan güclü mənəm, onu qurbağa deyirdi.

– Sən isə ona bir dəfə demədin ki, səndən də güclüsü var? Adı da Tülkü lələdir?

– Bu əlbəttə elədir, meşədə ən ağıllı, ən güclü Tülkü lələdir!

– Onda durma, acam, özün gir torbaya, aparım səni yeyim!

Köstəbək qaçanda Tülkü onu tutub torbaya saldı və yuvasına apardı. Az getdi, çox getdi, yolda şirə rast gəldi.

– Hara gedirsən, niyə gedirsən? Nə aparırsan, hara aparırsan? Tülkü qorxdu şikarı əlindən çıxa, yalan danışdı:

– Yuvamı təmir eləyirəm, ona görə qum daşıyıram!

Şir inandı. Getmək istəyəndə torbadan “qurrrr” səsi eşidib qəzəbləndi. Onu hirsləndirən isə hələ heç vaxt şirin əlindən sağ qurtarmayıb. Şir bir nərə çəkib Tülkünün üstünə cumdu. Bu vaxt hardansa bir ovçu peyda oldu və dartışan şirlə tülkünü nişan aldı. Xoşbəxtlikdən ovçu mahir ovçu deyildi. Güllə heç bir heyvana dəymədi. Hərə bir tərəfə qaçdı. Tülkü qorxudan əlindəki torbanı yerə atdı. Çəyirtkə, qurbağa və köstəbək torbadan çıxıb qaçdılar. Çəyirtkə çox qorxsa da, başa düşdü ki, ən güclü kimdir…