Balaca qaya

Balaca qaya

Biri varimış, biri yoximiş. üç qaya varimış. Biri böyük, o biri balaca, üçüncüsü isə lap balaca.
Qayalar dostluq edirdi. Gündüzlər günəş şüaları altında qol-qanad açır, gecələr isə soyuqdan büzüşürdülər.
Bir gün “böyük qaya”nın sinəsi çatladı. Xırda daşlar ovulub, yerə töküldü. Sən demə bulud göydən hər şeyi görürmüş.
O, qayanın çatlamış sinəsini görüb, yaman qorxmuşdu, ona görə də ağlayırdı.
Buludun göz yaşları qayanın çatlamış sinəsinə doldu. Səhərə kimi qayanın sinəsində böyük şəlalə əmələ gəldi.
Səhər qayalar yuxudan duranda nə görsələr yaxşıdı?! Böyük qayanın sinəsindən şəlalə axır.

Balaca qaya dedi: — Vay, vay sən necə də gözəl olmusan. Əcəb qəşəngsən.

Böyük qaya isə çox məyus idi. Çünki, bilirdi ki, artıq həyatının sonuna az vaxt qalırdı .
“Böyük qaya” hər gün məhv olurdu. Şəlalə onu yavaş-yavaş sinəsindən oyurdu.
Günlər keçirdi, qaya gündən-günə kiçilirdi. Bir gün “Böyük qaya” daşlara parçalanıb, torpağa qarışdı.
Bulud yenə də ağlamağa başladı. “Balaca qaya”da ağlayırdı.

Günlər beləcə keçirdi. Artıq o biri qayanın da sinəsi çatlamışdı. Quşlar qayanın başına yaman fırlanırdılar.
Quşların birinin dimdiyindən qayanın sinəsinə toxum düşdü. Vaxt keçdikcə qayanın sinəsində bir ağac böyüyürdü.
Ağac böyüdükcə, qayanın çatları da böyüyürdü. Hər gün qayanın parçaları ovulub, yerə tökülürdü.
Ağac da günü-gündən qol-budaq açırdı.

Balaca qaya qorxurdu. Bilirdi ki, çox keçməyəcək tək qalacaq, amma əlindən heç nə gəlmirdi.

Balaca qaya gecədən bərk yuxulamışdı. Hiss edirdi ki, nə isə titrəyir. Yuxudan ayılıb, nə görsə yaxşıdı?!
Ağacın gövdəsi o qədər böyümuşdü ki, qaya artıq onun ağırlığına dözə bilmirdi.
Qaya titrədi, titrədi, birdən böyük daş parçalarına bölündü. Bulud yenə də ağlayırdı.
O qədər ağladı ki, tezliklə daşlardan heç bir əsər-əlamət qalmadı, onlar da əriyib, torpağa qarışdılar.

“Balaca qaya” tək qaldı. Bir yanından çay axırdı, bir yanında da nəhəng ağac var idi.
Ağac meylini qayaya salmışdı. Budaqları qayaya sarı sallanırdı. Qayanı gündüzlər günəşdən, gecələr soyuqdan qoruyurdu. Çay isə ayağının altından axırdı. Amma o nə ağacı, nə də çayı sevmirdi.
O “qayalar” üçün darıxırdı. Oqədər xiffət çəkirdi ki, içindən oyulurdu.

Onun sinəsində böyük oyuq yaranmışdı. Hardansa bir ayı balası gəlib, özünü oyuğa salmışdı.
Qaya onu çox sevirdi. “Balaca qaya” artıq qaya deyidi. O, balaca mağaraya çevrilmişdi.

Müəllifi: Əfsanə Laçın

Добавить комментарий

Ваш адрес email не будет опубликован.

error: Content is protected !!